Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9520/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 129, “İnşaatçılar” metrostansiyasının yanı, ticarət cərgəsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il tarixində, 11:55-də plan üzrə (növbəti) yoxlama zamanı resept əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması aşkar olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəməyə ərizə ilə müraciət edərək protokola etiraz etmədiklərini və barələrində icraat aparılan maddənin aşağı həddində sanksiya tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 948 nömrəli 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 129, “İnşaatçılar” metrostansiyasının yanı, ticarət cərgəsində yerləşən əczaçılıq təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-ci il tarixində mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktı forması və yoxlama suallarının siyahısından görünür ki, həkim resepti əsasında buraxılmalı olan dərman vasitəsinin (Kavinton Forte 10 MQ N 30) reseptsiz satışı faktı aşkar olunmuşdur. “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Qanununun 13.4-cü maddəsinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-9520/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9520/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver