Məhkəmə qərarları › İş №3(004)-9529/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9529/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9529/2025 23.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.1-1 maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-62605/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-62605/2024 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Şəxs MMC-nin direktoru Peter Radaya barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və vəzifəli şəxs Peter Radanın əmək haqqından hər ay 50% olmaqla 4000 (dörd min) manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 07 gün ərzində xidmətə yazılı formada məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.4-cü maddəsinə görə, inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xətanı törətmiş şəxsə bu Məcəllənin 57-1.1-ci və 57-1.4-cü maddələrinə uyğun olaraq verilir. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 150.5-ci maddəsinə görə, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: -150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; -150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Qeyd edilən müddəalardan göründüyü kimi, inzibati cərimənin tətbiqi barədə qərar səlahiyyətli orqan və ya məhkəmə tərəfindən qəbul edilərkən, həmin qərarların icrası prosesi fərqlidir. Məhkəmə qərarları birbaşa icra məmuru vasitəsi ilə icra olunduğu halda, səlahiyyəlti orqanlar tərəfindən qəbul edilən bu növ qərarlar 30 gün müddətində barəsində inzibati tənbeh görülmüş fiziki və ya hüquqi şəxs tərəfindən icra olunmalıdır. Göstərilən müddətdə qərar icra olunmağı halda, fiziki şəxslər barəsində onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana, hüquqi şəxslər barəsində isə hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına, elektron pul təşkilatlarına göndərilir. Barəsində inzibati cərimə tətbiq edilmiş fiziki şəxsin işləmədiyi, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün olmadıqda məcburi icra tədbiri həyata keçirilməsi üçün, qərar müvafiq ərazi üzrə İcra və Probasiya şöbəsinə göndərilir və qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş qaydada icra olunur. Məhkəmə, iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla Şəxs direktoru Peter Rada İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş, lakin icra edilməmişdir. Bununla əlaqədar, X1 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2- 62605/2024 nömrəli məktubla, Şəxs MMC-yə cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Həmin məktub “Elektron Sistem” üzərindən dərhal Şəxs MMC-yə çatdırılmışdır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hüququn fundamental prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxslər qeyri-müəyyən müddət ərzində məsuliyyətə cəlb edilmə təhlükəsi altında qalmasınlar. Bu prinsip, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da dəfələrlə vurğulandığı kimi, qanunun aliliyinin tərkib hissəsidir və şəxslərə öz hərəkətlərinin hüquqi nəticələrini proqnozlaşdırmaq imkanı verir. İnzibati məsuliyyətə cəlbetmə müddətləri məhz bu prinsipə xidmət edir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsi inzibati məsuliyyətə cəlbetmə müddətlərini imperativ qaydada tənzimləyir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə sadalanan bir sıra xətalar üzrə bir il, digər xətalar üzrə isə dörd ay müddət müəyyən edilmişdir. Xidmət tərəfindən Cəmiyyətə şamil edilən xəta, yəni inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi, öz mahiyyətinə görə uzanan inzibati xətadır (delictum continuum), çünki hüquqpozma qanunla tələb olunan hərəkətin yerinə yetirilmədiyi bütün müddət ərzində davam edir. Belə olan halda, İXM-nin 38.2-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmin normaya görə, uzanan inzibati xətalara münasibətdə cəlbetmə müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanır İnzibati Xətalar Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Məhkəmə, "xətanın aşkara çıxarıldığı an" dedikdə, səlahiyyətli orqanın hüquqpozma faktının mövcudluğundan xəbərdar olduğu və bu pozuntunu törədən şəxsi müəyyən etmək üçün kifayət qədər məlumata malik olduğu anı başa düşür. İş materiallarından göründüyü kimi, X1 Xidməti xx.xx.2024-cü il tarixli 3-17-5/2- 62605/2024 nömrəli məktubu ilə icra tələbini irəli sürmüş və bu məktub həmin tarixdə sözügedən hüquqi şəxsə çatdırılmışdır. İXM-nin 150.5.1-ci maddəsi, belə bir qərar daxil olduqdan sonra inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi müəssisə tərəfindən icra üçün tədbirlər görülməsini nəzərdə tutur. Bu tədbirlərin görülməsi üçün qanunvericilikdə qısa və ağlabatan müddətlər nəzərdə tutulur (məsələn, növbəti əməkhaqqı ödənişinə qədər). Beləliklə, X1 Xidməti öz qərarının icra edilib edilmədiyini yoxlamaq imkanına və vəzifəsinə malik idi. Qərarın icra edilməməsi faktı məhz bu dövrdə Xidmət üçün aşkar edilmiş hesab olunmalıdır. Səlahiyyətli orqanın öz vəzifəsini icra etməkdə səhlənkarlığa yol verməsi və hüquqpozma faktını bilərək üzərindən aylar keçdikdən sonra hərəkətə keçməsi və yenidən məktub göndərərək icrasını yenidən tələb etməsi, cəlbetmə müddətinin axımını dayandırmır və ya yenidən başlatmır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Bu isə, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını istisna edən və başlanmış icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsas olan bir haldır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətsizliyində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Yuxarıda göstərilən hüquqi və faktiki əsasların məcmusuna əsaslanaraq, məhkəmə yekun nəticəyə gəlir ki, Şəxs MMC-nin İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar