Məhkəmə qərarları › İş №3(004)-9552/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9552/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9552/2025 23.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş Şəxs MMC-nin qanuni nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Ramin Şirəliyevin Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanilmasına dair xx.xx.2025ci il tarixli qərarına və ona əlavə olunmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon prokurorluğu hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş nnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın tərtib olunmasına əsas kimi, hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2025-ci ilin iyul ayında Yasamal rayonu. Şərifzadə küçəsi, ev 190-da yerləşən təhsil mərkəzinə X4 ixtisas seçimləri üzrə məsləhətçi işlərin görülməsinə cəlb etməsi göstərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi X9, İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, X8 hüquqi şəxs tərəfindən ixtisas seçimləri üzrə məsləhətçi kimi xidmətin göstərilməsinə cəlb edilməklə onun üçün ayrıca vaxt, yer ayrılmış, müvafiq ödənişlər təyin edilmişdir və qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş Şəxs MMC-nin qanuni nümayəndəsi X7 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara etiraz edərək bildirmişdir ki, X8 təhsil üzrə ekspert kimi kursun tələbələrinin və onların valideynlərinin xahişi ilə ixtisas seçimində konsultasiya verməsi üçün ara-sıra dəvət olunur. Lakin R.Əliyev onların işçisi deyildir, mütəmadi olaraq işə gəlmir. R.Əliyev dəfələrlə bu mövzuda öz məsləhətlərini televiziya proqramlarında da vermişdir və bu zaman da onunla hər hansı müqavilə bağlanmamışdır. Eyni zamanda onlar Misir Mərdanov kimi tanınmış şəxsləri arabir təhsil müəssisələrinə dəvət edirlər. Ona görə də hesab edirlər ki, onların əməlində hər hansı xəta tərkibi yoxdur. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, konsultasiyanın tarixi və yeri əvvəlcədən müəyyən edilmiş vətəndaşlara bununla bağlı məlumatlar verilmiş, eləcə də ödənişin məbləği 50-250 manat arası dəyişkənlik göstərmişdir. Qeyd edilənlərə əsasən barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, o, doktorantdır və təhsil məsələləri üzrə ekspert kimi tanınır. Müxtəlif vaxtlarda televiziya kanallarında da təhsil sahəsi üzrə xüsusilə də ixtisas seçimləri barədə abituriyentlərə məsləhətlər vermişdir. Şəxs MMC-də də ara-sıra bu məqsədlə dəvət olunur, kursun tələbələrinə eləcə də digər vətəndaşlara ixtisas seçimində, karyera planlaşdırılmasında köməklik göstərmək məqsədilə məsləhətlərini verir. Bunun müqabilində konsultasiya üçün ödəniş də müəyyən edilir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2025-ci ilin iyul ayında Yasamal rayonu. Şərifzadə küçəsi, ev 190-da yerləşən təhsil mərkəzinə X4 ixtisas seçimləri üzrə məsləhətçi işlərin görülməsinə cəlb edilmişdir. İş materiallarında olan X1 izahatından görünür ki, 2025-ci ilin iyul ayında magistratura üzrə ixtisas seçimi üçün sosial şəbəkədə özünü "xxxx" MMC-nin eksperti kimi təqdim edən Rəvan Əliyevlə əlaqə saxlayaraq onun məsləhəti və göstərişi ilə Yasamal rayon ərazisində yerləşən Tələbə Təhsil Mərkəzinin inzibati binasında DİM kabinetində ixtisas seçimi üzrə müvafiq xanaları doldurmuş və həmin MMC-nin xəzinəsinə Rəvan Əliyev tərəfindən göstərilən xidmətə görə, ümumillikdə, 200 azn məbləğində pul ödəmişdir. İş materiallarında olan Şəxs MMC-nin qanuni nümayəndəsi X2 izahatından görünür ki, rəhbərlik etdiyi "xxxx" MMC-nin əsas fəaliyyətlərindən biri tələbələrə düzgün ixtisas seçimlərin həyata keçirilməsində köməklik görsədilməsidir. 2025-ci ilin iyul ayında dostu və sosioloq Rəvan Əliyev mərkəzə müraciət edən Məhəmməd Məmmədova ixtisas seçimi ilə bağlı məsləhət vermişdir. Rəvan Əliyev ümumiyyətlə indiyənə kimi şirkətə müraciət edən, təxminən 200 nəfər şəxsə ixtisas seçimi ilə bağlı məsləhətlər vermişdir. Onunla əmək müqaviləsinin bağlanmamasının səbəbi sonuncunun sadəcə dost kimi köməklik görsətməsi olmuşdur. İş materiallarında olan X3 izahatından görünür ki, dostu Pərvin Əliyevə məxsus "xxxx" MMC-də olduğu zaman Məhəmməd Məmmədov həmin mərkəzə ixtisas seçimi ilə bağlı müraciət etmişdir. Həmin vaxt Pərvin Əliyevin xahişi ilə o, köməklik məqsədi ilə Məhəmməd Məmmədova, o cümlədən şirkətə müraciət edən digər şəxslərə ixtisas seçimi ilə bağlı məsləhətlər vermişdir. İş materiallarında olan X3 barəsində “Elektron Prokurorluq informasiya Sisteminin” elektron sorğu modulundan əmək müqaviləsi məlumatlarının çıxarılmasına dair tərtib edilmiş protokoldan görünür ki, X3 "xxxx" MMC ilə hər hansı əmək müqaviləsi mövcud olmamışdır. Yuxarıda qeyd edilən iş materiallarından göründüyü kimi hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2025-ci ilin iyul ayında Yasamal rayonu. Şərifzadə küçəsi, ev 190-da yerləşən təhsil mərkəzinə X4 ixtisas seçimləri üzrə məsləhətçi işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən tərəflər arasında yaramış münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Əmək Məcəlləsinin qeyd edilən normasının məzmunundan irəli glərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi MMCnin əsas fəaliyyət sahələrindən birinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğundan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar