Məhkəmə qərarları › İş №3(004)-9564/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9564/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9564/2025 09.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 28-ci polis şöbəsinin polis sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Göygöl rayonu, Nadel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, Göygöl rayonu, Nadil ərazi dairəsi, Nadil kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 28-ci polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X9 tərəfindən Şəxs barəsində İXM-in 388-1.1.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, e-polis xidmətində polisə qarşı nalayiq ifadələr işlədərək polisin şərəf və ləyaqətini alçaltmış və xx.xx.2025-ci il tarixdə BPİ DYPİ-də polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə BPİ DYPİ-nin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlədərək şikayət yazmışdır. Həmin şikayət ilə əlaqədar Şəxs BPİ DYPİ-nin inzibati binasına dəvət edilmişdir. Orada onunla maarifləndirici söhbət aparılan zaman Şəxs aqressiv şəkildə etirazlarını bildirərək səs-küy salmağa başlamışdır. Polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilsədə buna etiraz edərək öz qanuna zidd əməllərini davam etdirmişdir. ƏÇPA-nın polis nəfərlərinin köməyi ilə 28-ci polis şöbəsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 388-1.1.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək izahatında göstərdi ki, o təhqiredici sözlər yazsada, polis idarəsində olarkən səs-küy salmamış və polis əməkdaşlarının qanuni tələblərini tam şəkildə yerinə yetirmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Şəxs 25 noyabr 2025-ci il tarixli şikayət ərizəsinin araşdırılması üçün Bakı şəhəri BPİ DYPİ-nə dəvət edilmişdir. Ona törətdiyi qayda pozuntusu izah edilmiş və bununla bağlı BPİ DYPİ-nin rəhbərliyinin ünvanına yönəltdiyi nalayiq ifadələrin düzgün olmadığı bildirilmişdir. Bu zaman Şəxs hiddətlənərək səs-küy salmış, idarənin normal iş fəaliyyətini pozmuş və polis idarəsini tərk etməyə çalışmışdır. Tərəfindən dəfələrlə nizam-intizama dəvət edilsədə buna məhəl qoymamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər BPİ DYPİ tabe olan YPXA-nın 5-ci taqımının YPX baş inspektoru Talıb Qasımov və Bakı şəhər BPİ DYPİ-nin YHNŞ-nin inspektoru Xəlil Cəfərov tərəfindən 28-ci polis şöbəsinin şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “Toyota” markalı **-TF-*** d.q.n-lı avto maşının X8 Qanunun 52-ci mədəsinin tələbini pozduğuna üçün, barəsində 2 bal 80 manat cərimə tətbiq edildiyinə görə öz elektron poçtdu Elektron ünvan polisin şərəf və ləyaqətini alçaldan ifadələr yazaraq Bakı şəhər BPİ DYPİ-nin rəhbərliyinin ünvanına göndərmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə Bakı şəhər BPİ DYPİ-nə vətəndaş Şəxs dəvət olundu, ona qanunla icazəsinə gadağan olunan informasiyaları yaydığına görə, sorğu sual edilərkən Şəxs əməlinən peşman olmaq əvəzinə xx.xx.1986-ci il təvəllüdlü etiraz edərək hay-küy salaraq inzibati binanı tərk etməyə çalışdı və polisin qanunu tələblərinə qəsdən tabe olmadı. O dərhal Növbətçi Hissəyə məlumat vermiş ÇPA-nın digər əməkdaşlarını köməkliyi ilə vətəndaş Şəxs ərazi aidiyyatı üzrə Yasamal RPİ-nin 28-ci PŞ-nin NH-nə təhvil verdik. ƏÇPA-nın 6-cı bölüyünün xx.xx.2025-ci il tarixli raportuna əsasən Bakı Şəhər BPİ DYPİ-dən daxil olmuş məlumata əsasən həmin tarixdə saat 10:05-də polis idarəsinə yaxınlaşılaraq Şəxs 28-ci polis şöbəsinə təmin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs tərəfindən 25 noyabr 2025-ci il tarixdə Bakı şəhər BPİ DYPİnə ünvanlanmış şikayətə əsasən “Salam ta sizin əlinizdən işləməyərək biz bəsdirin də şərəfsiz yığını. 15 saniyə dayanmamışam orda müştərini mən harda mindirim belə zülüm olar. Bezdim uje cərimənin əlindən hara çıxaq gedək” məzmunlu mətndən istifadə etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı uşağı vardır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 388-1.1.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlarin yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi İXM-in 388-1.1.1-ci maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 25 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatında qadağan edilmiş informasiyanı yaymış və Bakı şəhəri, Yasamal rayonu, BPİ DYPİ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində internet informasiya ehtiyatında qadağan edilmiş informasiyanı yayması və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 388- 1.1.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 09 dekabr 2025-ci il tarixdən saat 10:05-dən hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 388-1.1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 09 dekabr 2025-ci il tarixdən, saat 10:05-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 28-ci polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar