Məhkəmə qərarları › İş №3(004)-9587/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9587/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9587/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşı X3 xüsusu mülkiyyətində **-GG-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil var. Həmin avtomobili yalnız idarə edilməsinə dair Samin Səmədzadə ona notarial qaydada etibarnamə vermişdir. Həmin etibarnamə hələ də qüvvədədir. 10 noyabr 2025-ci il tarixdə qardaşım X7 xaricdə olan zaman, əmisi oğlu X9 **-GG-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtomobili qardaşının şifahi icazəsi ilə götürərək Qəbələ şəhərinə getmiş və 11 noyabr 2025-ci il tarixdə qayıtmışdır. Onun bunlardan heç bir xəbəri olmamışdır, ona görə ki, avtomobil qardaşının xüsusi mülkiyyətindədir və daimi olaraq onun istifadəsində olur. Əlavə olaraq bildirir ki, onun xüsusi mülkiyyətində **-BY-*** d.q.n “Tesla Model Y” markalı avtomobili var və o, daimi olaraq həmin avtomobilindən istifadə edir. O, yalnız ara-sıra qardaşına qabaqcadan məlumat verməklə avtomobili götürüb sərbəst şəkildə idarə edir. Bu səbəbdən də, etibarnamə yalnız “nəqliyyat vasitəsini idarə edilməsi üçün” verilmişdir. Sonradan AsanPay mobil tətbiqi vasitəsilə ona məlum olmuşdur ki, X13 şəhərinə gedibqayıdarkən bir dəfə, 11 noyabr 2025-ci il tarixdə yolda müəyyən edilmiş surət həddini aşmışdır və bu hal yol patrul xidmətinin xüsusi nəqliyyat vasitəsinin üzərində yerləşən radar tərəfindən aşkar olunaraq qeydə alınmışdır. Lakin ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etməsə də, avtomobilin üzərinə gələn cərimə onun adına yazılmışdır, çünki avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə ona verilmişdir. Onu da qeyd edir ki, onun sürücülük vəsiqəsində 18 cərimə balı toplanmışdır, Səmədov Cavid tərəfindən törədilən inzibati xəta isə əlavə 2 bal ilə qiymətləndirilmişdir. Bunun nəticəsində onun sürücülük vəsiqəsində 20 bal toplanmış və nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra, Cavid Səmədov avtomobili idarə etməkdə davam etdiyindən, 12 noyabr 2025-ci il tarixdə onun adına 400 manat cərimə yazılmışdır. Beləliklə də, X5 əməlləri nəticəsində xx.xx.2025-ci il tarixli EQ/ 31938367 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 şikayətdə göstərilənlərə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 bildirmişdir ki, qeyd edilən tarixdə və yerdə **-GG-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtomobili o idarə etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 14:08-də M2 E60 AH5 Bakı-Ələt- Qazax Gürcüstan yolu 46 km ərazisində idarə etdiyi “BMW X7 XDRİVE Hibrid M Sport Package” minik markalı **-GG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3-cü maddələrinin tələblərini pozduğu üçün barəsində 400 manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin və iş üzrə şahid qismində iştriak edən X5 iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən şahid qismində iştirak edən X9 iddia etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:08-də M2 E60 AH5 Bakı-Ələt-Qazax Gürcüstan yolu 46 km ərazisində “BMW X7 XDRİVE Hibrid M Sport Package” minik markalı **-GG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili şəxsən o özü idarə etmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31938367 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar