Məhkəmə qərarları › İş №3(004)-967/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-967/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-967/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 08 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2021-ci ilin 4 (dörd) əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı, hesabat ayından sonrakı ayın martın 15dək təqdim etməli olduğu halda, hesabat məlumatlarını qanunla müəyyən olunmuş vaxtda təqdim etməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin rəis müavini X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası DSK-nin 2014-cü il 25 fevral 15/06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi status almış 4-əmək (aylıq) hesabatını dekabr üzrə yanvar ayının 15-dək təqdim etməmişdir. Bununla bağlı Bakı şəhər Statistika İdarəsi tərəfindən Cəmiyyətin rəhbərliyinə məlumat verilməklə ona inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Şəxs MMC tərəfindən təkrarən 2021-ci ilin 4-əmək hesabatı mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən edilmiş vaxtda yenidən hesab məlumatları hesabat orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilməmişdir. 01 aprel 2021-ci il tarixdə Cəmiyyətin rəhbərliyinə təkrarən pozuntu və buna görə məsuliyyət barədə məlumat verilməklə, o, araşdırma zərurəti ilə əlaqədar olaraq idarəyə dəvət edilsə də müəyyən edilmiş vaxtda çağırışa gəlməmişdir. Bakı şəhər Statistika İdarəsinin sonuncu xəbərdarlıq məktubu qanunla müəyyən edilmiş qaydada Cəmiyyətə çatdırılmış və buna dair xəbərnamə idarəyə daxil olmuşdur. Göstərilənlərə əsasən Şəxs MMC-nin əməlində İXM-nin 389-cu maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 65-dir. İş materiallarına əlavə edilmiş 13 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 65 ünvanına Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məhkəmə bildirişi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84, mənzil 65 ünvanına qanunla müəyyən edilmiş vaxtda rəsmi qaydada çatdırılmışdır. Bununla da, məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvana məhkəmə bildirişi rəsmi qaydada çatdırılmışdır. Bundan başqa məhkəmə tərəfindən Şəxs MMC-nin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişi göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 2021-ci ilin fevral üzrə 4-əmək №-li formaya uyğun olaraq rəsmi statistika hesabatının təqdim edilmə tarixi 15 mart 2021-ci il olduğu halda, Cəmiyyət tərəfindən hesabat həmin tarixədək hesabat orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 389cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” Qanununun 11-ci maddəsinə əsasən rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin Qanunun 26-27-ci maddələrinə əsasən statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №li qərarı ilə təsdiq edilmiş 4-əmək №-li formaya uyğun olaraq bütün müəssisələr – hüquqi şəxslər və (və ya) onların filial və nümayəndəlikləri hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir: - kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; -kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Eyni zamanda İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar