Məhkəmə qərarları › İş №3(004)-970/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-970/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-970/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 602.4-cü maddəsi ilə 11.02.2022-ci il tarixdə, MN №0510400 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 11.02.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən və Şəxs MMC-yə məxsus ofisdə yanğın-texniki müayinə keçirilməsinə obyekt rəhbərliyi tərəfindən şərait yaradılmamış və heç bir sənəd təqdim edilməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan fiziki şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokola əsasən inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi qeyd edilmişdir. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs İXM-nin 602.4-cü maddəsindəki inzibati xətanın subyekti deyildir. Belə ki, İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanı törədən şəxs, yəni İnzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Ehtimallara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Hüquqi şəxs inzibati xəta törətməsində təqsirli bilinirsə, onun təqsiri qanunla müəyyən olunmaş qaydada sübut olunmalıdır. Hazırkı iş üzrə qanunla müəyyən edilmiş qayda sübut olunma dedikdə, yəni həmin hüquqi şəxsin hansısa xeyir əldə etməsini və ya maraqlarının qorunmasının sübut olunması nəzərdə tutulur. İXM-yə əsasən formal əsaslara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Əgər işçi inzibati xəta törətmişdirsə, bu zaman həmin xəta nəticəsində hüquqi şəxs xeyir əldə etməmişdirsə və ya hüquqi şəxsin marağı qorunmamışdırsa, işçinin bu cür inzibati xətası hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən edilməsində formal əsas kimi çıxış edir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsiri mütləq müəyyən edilməlidir. Eyni ilə də hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X1 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Həmçinin İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 24.2-ci maddəsinə əsasən xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxs barəsində yalnız İXM-nin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri, yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbeh növləri tətbiq edilə bilməsi qeyd edilmişdir. Həmin inzibati tənbeh növlərinin tətbiqi isə İXM-nin 24.2, 25.1, 26.1-ci maddələrinə əsasən yalnız Məcəllənin sanksiyasında nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Lakin hazırkı hüquqi şəxsin təqsirli bilindiyi İXM-nin 602.4-cü maddəsinin sanksiyasında yalnız vəzifəli şəxslərin inzibati məsuliyyətinə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Ona görə də hüquqi şəxslər İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinib, sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmadığı üçün və konkret olaraq vəzifəli şəxslər üçün inzibati cərimə nəzərdə tutulduğu üçün, hüquqi şəxs də vəzifəli şəxs üçün nəzərdə tutulmuş inzibati tənbeh növu və həcmində tənbeh edilə bilməz. Belə olduğu təqdirdə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs qeyd edilən inzibati xətanı törədən subyekt deyildir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar