Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-971/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 2-ci ərazi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında 11.02.2022-ci il tarixli, MN № ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar aşağıdakılara əsasən natamam olmuşdur.
1. Belə ki, iş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş; - protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir; - hüquqları və vəzifələri izah edilməmiş; - dəvət olunaraq izahat vermək, sübutlar təqdim etmək, protokolun məzmunu barədə; - o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir, bu hüquqları təmin edilməmişdir.
2. Protokolda göstərilmişdir ki, hüquqi şəxsin nümayəndəsi icraatda iştirak etməkdən, izahat verməkdən imtina etmişdir. Lakin həmin nümayəndənin soyadı, adı, atasının adı protokolda ümumiyyətlə göstərilməmiş, səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmamışdır ki, ixtiyari bir şəxs hüquqi şəxsin nümayəndəsi ola bilməz, hətta işçisi də nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir, Bununla da ümumiyyətlə nümayəndə müəyyən edilməmişdir. Çünki İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan, həmin nümayəndənin müəyyən edilməsi, ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir.
Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ:
İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 2-ci ərazi X1 İdarəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov