Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9720/2025 30.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MTK-nın rəhbəri Nümayəndə iştirakları ilə, xx.xx.1946-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Şəxs MTK-nın rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Nümayəndə barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2599/2023 saylı icra sənədində qeyd olunan tələbi icra məmurunun müəyyən etdiyi müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2599/2023 saylı icra sənədinə əsasən, ünvan 2 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri” (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatlar (telefon, internet, televiziya və s.), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat pul Şəxs MTK-dan alınıb Zərərçəkmiş şəxs MMMC-yə verilməsi, Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Şəxs MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatların və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) mülkiyyətçiləri barədə siyahının (həmin alğı-satqını təsdiq edən müqavilələrin surəti ilə birlikdə) Şəxs MTK-dan alınaraq Zərərçəkmiş şəxs MMMC-yə verilməsinin təmin edilməsi qət edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2599/2023 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Lakin tələbin tamamilə icrası mümkün olmamışdır. Belə ki, Şəxs MTK tərəfindən qeyd edilən bir qisim sənədlər təqdim edilmişdir. Lakin qalan digər sənədlərin təqdim edilməsi indiyədək mümkün olmamışdır. Buna görə də icra sənədi hələ də tam şəkildə icra edilməmişdir. MTK-nın fəaliyyəti hazırda müvəqqəti olaraq dayandırılmışdır. Ona görə də hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvanı müəyyən etmək mümkün olmadığından hüquqi şəxsin rəhbəri barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «OSCAR BUİLDİNG AND CONSTRUCTİON” MTK–nin rəhbəri Nümayəndə barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər iki borclu barəsində də protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və onlar barəsində məhkəmə qərarı ilə inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MTK-nın rəhbəri Nümayəndə tərtib edilən protokola etiraz edərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, qeyd edilən məhkəmə mübahisəsi zamanı və icra sənədi verilərkən şirkətin rəhbəri o olmamışdır. Sonradan MTK-nən keşmiş rəhbəri vəfat etdiyindən rəhbər vəzifəsinə onu rəsmiləşdirmişdirlər. Lakin hazırda MTK öz fəaliyyətini dayandırmışdır. O, rəhbər seçilərkən təhvil təslim zamanı qeyd edilən sənədlərin bir çoxu ona təqdim edilməmişdir. Buna görə də yalnız sərəncamında olan sənədləri icra sənədi əsasında təqdim edə bilmişdir. Digər sənədləri təqdim etmək mümkün deyildir, çünki həmin sənədlər onlarda yoxdur. Məhkəmə, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2599/2023 saylı icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs MTK-nın rəhbəri Nümayəndə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2599/2023 saylı icra sənədinə əsasən ünvan 2 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri” (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatlar (telefon, internet, televiziya və s.), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat pul Şəxs MTK-dan alınıb Zərərçəkmiş şəxs MMMC-yə verilməsi, Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Şəxs MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatların və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyriyaşayış sahələrinin) mülkiyyətçiləri barədə siyahının (həmin alğı-satqını təsdiq edən müqavilələrin surəti ilə birlikdə) Şəxs MTK-dan alınaraq Zərərçəkmiş şəxs MMMC-yə verilməsinin təmin edilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 2 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2599/2023 saylı icra sənədi üzrə icraata həmin tarixdən başlanılmış və borclu Şəxs MTK-nın rəhbəri Nümayəndə tələbin könüllü icrası ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Akt-dan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2599/2023 saylı icra sənədi üzrə tələb olunan sənədlərin bir qismi Şəxs MTK-dan alınıb Zərərçəkmiş şəxs MMMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs MTK-nın rəhbəri Nümayəndə təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs MTK-nın rəhbəri Nümayəndə tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Belə ki, məhkəmə qətnaməsindən və onun əsasında verilmiş icra sənədindən də göründüyü kimi qeyd edilən sənədlərin MTK-da olması məhkəmə araşdırması zamanı müəyyən edilərək həmin sənədlərin MMMC-yə verilməsi qət edilmişdir. Sözügedən qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, baxmayaraq ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin rəhbəri iddia edir ki, həmin sənədlər onlarda yoxdur və buna görə də təqdim edilməsi mümkünsüzdür, lakin icra sənədinin verildiyi tarixdən indiyədək qeyd edilən sənədlərin həqiqətən də olmamasını təsdiq edə biləcək aktiv hərəkətlər edilməmişdir. Bununla da icra sənədinin tam şəkildə icra edilməsi ilə bağlı hərəkətsizlik nümayiş etdirilmişdir. Belə ki, hüquqi şəxsin məsul şəxsləri tərəfindən ən azından səlahiyyətli orqanlara icra sənədində qeyd edilən sənədlərin nüsxələrinin onlara təqdim edilməsi barədə müraciət ünvanlana və müvafiq cavab məktubları alına bilərdi. Lakin keçən bu müddət ərzində hüquqi şəxsin rəhbəri Nümayəndə sadəcə olaraq sənədlərin onlarda mövcud olmadığını bildirərək icra sənədinin icrasından yayınmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iki ildən artıq bir müddətdir icraya yönəldilmiş icra sənədi üzrə tələb indiyədək Şəxs MTK tərəfindən icra edilmədiyindən həmin hüquqi şəxsin rəhbəri Nümayəndə icra sənədinin icra edilməməsi səbəbindən təqsirli hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs MTK-nın rəhbəri Nümayəndə tərəfindən icra sənədi üzrə tələbin qismən icra edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MTK-nın rəhbəri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın rəhbəri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9720/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9720/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver