Məhkəmə qərarları › İş №3(004)-982/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-982/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-982/2021 16.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi protestə və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 12/12-İX-21 saylı protestdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6 və 53.0.7-ci maddələrinə əsasən xitam verilmişdir. Həmin qərar əsassız olduğundan aşağıdakı hallara görə ləğv edilməlidir. “xxxx” MMC-nin direktoru X4 Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərini pozaraq cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu ərazisində xidmət göstərdiyi yaşayış binalarında xadimə kimi işləmiş X2 Azərbaycan Resublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən təmizlik işlərinə (xidmətlərinə) cəlb etmiş, habelə Azərbaycan Resublikasının Əmək Məcəlləsinin 135.2-ci maddəsinin tələblərinə zidd olaraq həmin şəxslə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlandıqdan sonra məzuniyyət verməmiş, bununla da onun məzuniyyət hüquqlarının pozmuş, həmçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanı ödəməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Qeyd olunanlar X4 və X1 izahatları ilə təsdiq edilmiş, sonuncu Zülfiyyə Əsgərovaya cəmiyyətdə işlədiyi müddət ərzində əmək məzuniyyətinə dair ödəniş etmədiyini etiraf etmişdir. Bunda başqa, “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli, 8450 nömrəli məktubuna əsasən X1 adına həmin cəmiyyətdə olan AZ94BRES******************** saylı karta xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 173 manat, xx.xx.2019-ci il tarixdən 31,08.2020-ci il tarixədək isə hər ay 238 manat əmək haqqı yüklənmiş, qeyd olunan dövr ərzində Zülfiyyə Əsgərovaya əmək məzuniyyətinə görə hər hansı kompensasiya verilməmişdir. Habelə, X6 Xidməti inzibati xəta haqqında iş üzrə qərar qəbul edən zaman X3 əməlində davam edən inzibati xətanın əlamətlərinin olmasını nəzərə almamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına əsasən davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-in məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. X3 İXM-in 192.1 və 192.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsi xx.xx.2021-ci il tarixdə aşkar edilmişdir. Həmçinin, İXMin 54.3-cü maddəsinə əsasən prokuror, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Bununla yanaşı, X6 Xidməti X4 tərəfindən Zülfiyyə Əsgərovanın əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verilməsini inzibati xətanın xarakteri nəzərə alınmadan əsassız olaraq eyni fakt üzrə inzibati tənbeh vermə kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* №-li qərarı ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, protest baxılmadan, icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, verilmiş protestdən və əlavə edilmiş sənədlərdən görünür ki, protest vermiş tərəf (yəni prokuror) barəsində protest verilmiş inzibati xəta haqqında işin tərəfi olmamışdır, həmin işin baxılmasında iştirak etməmişdir. Həmin inzibati xəta haqqında iş prokurorun təşəbbüsü ilə başlanılmamışdır. Belə bir vəziyyətdə məhkəmə kimin, hansı hallarda, hansı inzibati xəta haqqında qərardan şikayət və ya protest vermək hüququnun olması məsələsinə dair qanunvericilikdə müəyyən edilmiş normaları araşdıraraq aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərhinə dair” x xxxxxx 2016-cı il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, həmin Məcəllənin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2017-cı il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin prokurorun səlahiyyətlərini nəzərdə tutan 54.1-ci maddəsi və prokurorun hüquqlarını müəyyən edən 54.3-cü maddəsi bir-biri ilə sistemli əlaqədə olan və normativ vahidliyi ilə xarakterizə olunan müddəalardır. Daha sonra qərarda qeyd edilmişdir ki, prokuror yalnız inzibati xətalar haqqında işlər üzrə icraatı başladıqda (qərar qəbul etdikdə) həmin işə məhkəmədə baxılmasında iştirak etmək, rəy və ya vəsatət vermək, nəticə ilə razılaşmadıqda həmin iş üzrə çıxarılmış məhkəmə qərarından və ya qərardadından protest vermək hüququ əldə edir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarın 1-ci bəndində belə bir nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarlarındakı mövqeyinin hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarlarında ümumiyyətlə prokurorun inzibati xəta haqqında iş üzrə istər səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest və ya istərsə də inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə verilən protest hüququnun mahiyyəti, həm də bununla bağlı prokuror nəzarətinin mahiyyətinin nədən ibarət olmasını açmışdır. Belə ki, Konstitusiya Məhkəməsi İXM-də təsbit edilmiş prokurorun protest hüququnu, heç də bütünlükdə ixtiyari bir inzibati xəta haqqında iş üzrə, ixtiyari bir qərar və qərardaddan protest verilməsi kimi şərh etməmişdir. Şərh etmə zamanı nəzərə almışdır ki, İnzibati Xətalar Məcəlləsinin prokurorun səlahiyyətlərini nəzərdə tutan 54.1-ci maddəsi və prokurorun hüquqlarını müəyyən edən 54.3-cü maddəsi bir-biri ilə sistemli əlaqədə olan və normativ vahidliyi ilə xarakterizə olunan müddəalardır. Həmçinin məhkəmə qeyd edir ki, İXM-in 133.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir (mad. 133.2.9.). Bu maddənin mahiyyətində də görünür ki, məhkəmədə prokurorun rəyi o vaxt rəyi dinlənilir ki, inzibati xəta haqqında iş üzrə icraatda prokuror iştirak etsin. İştirak etmədiyi inzibati xəta haqqında iş üzrə prokuror məhkəmədə rəy verə bilməz. Hazırkı iş üzrə də prokuror barəsində protest verilmiş inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmişdir, belə olan halda prokurorun məhkəmədə rəyi dinlənilməməlidir. Məhz göstərilənlər nəzərə alınaraq Konstitusiya Məhkəməsinin Plenumu prokurorun inzibati xəta haqqında iş üzrə qərardan protest vermək hüququnu onun inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etməsi ilə, bununla da protest vermə hüququnu İXM-in 54.3-cü maddəsinə uyğun olması tələbi ilə əlaqələndirmişdir. Yəni protest vermə hüququnu İXM-in 54.3-cü maddəsindən kənarda, müstəqil hüquq kimi tanımamışdır. Yəni protest vermə hüququ o vaxt yaranır ki, prokuror protest verdiyi inzibati xəta haqqında işin baxılmasında iştirak etmiş olsun. Əks yanaşma Konstitusiya məhkəməsinin qərarındakı hüquqi mövqe ilə zidiyyət təşkil edər, bu isə yolverilməzdir. Məhkəmənin aşağıdakı hüquqi yanaşması bunu deməyə əsas verir. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, hazırkı iş üzrə də məhkəmə qeyd edir ki, hazırkı iş üzrə də İXM-nin 128, 129-cu maddələrində prokurorun inzibati xəta haqqında iş üzrə qərardan protest vermək hüququ təsbit edilsə də, lakin prokurorun iştirak etdiyi işlərlə yanaşı, iştirak etmədiyi işlər üzrə də protest vermək hüququnun olması dəqiq göstərilməmişdir. Belə olduğu təqdirdə İXM-in 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Yəni analogiyaya istinadən prokurorun iştirak etdiyi işlər üzrə protest verə bilməsini, onun iştirak etmədiyi işlər üzrə də protest verə bilməsi anlamına gəlməsinin qəbul edilməsi yolverilməzdir.. Həm də Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərhinə dair” x xxxxxx 2016-cı il tarixli Qərarına uyğun olaraq, bu hüquq geniş təfsir edilə bilməz. Yaranmış belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarının hüquqi qüvvəsi, həmin qərardakı hüquqi mövqeyinə də şamil edilir. Yəni KM-nin qərarındakı hüquqi mövqeyi də hüquqi qüvvəyə malikdir, hüququn mənbəyidir. Çünki «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhz buna görə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2017-cı il tarixli Qərarının hansı zərurətdən qəbul edildiyi, həmin qərarın qəbul edilməsi üçün müraciət edənin aydınlaşdırmaq istədiyi məsələnin nədən ibarət olmasına diqqət yetirilməlidir. Belə ki, həmin qərarda göstərilmişdir ki, qərarın qəbul edilməsinə əsas Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti olmuşdur. Qərarda qeyd edilmişdir ki, müraciətedənin qənaətinə görə, prokurorun iştirak etdiyi işlərlə yanaşı, daha hansı qərardadlardan protest vermək hüququnun olması qanunvericilikdə aydın müəyyən edilməmişdir (qərarın təsviri əsaslandırıcı hissəsinin 7-ci abzası). Deməli prokurorun iştirak etdiyi işlərlə yanaşı, daha hansı qərardadlardan protest vermək hüququnun olmasının (Sumqayıt Apellyasiya Məhkəməsinin aydınlaşdırmaq istədiyi məsələ) müəyyən edilməsində Konstitusiya Məhkəməsinin həmin qərarındakı hüquqi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş “prokuror nəzarətinin” və “protestin” mahiyyətini açıqlamış, qərarda qeyd edilmişdir ki, qanunverici prokurorluq orqanlarının fəaliyyətini ifadə etmək üçün “prokuror nəzarəti” terminindən istifadə etsə də, həmin terminin məzmununu açıqlamamışdır. Lakin prokuror nəzarətinin mahiyyəti və hədləri konkret olaraq sahəvi qanunvericilik aktlarında, baxılan məsələ ilə bağlı isə İnzibati Xətalar Məcəlləsində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, inzibati xətalara dair işlər üzrə icraat zamanı prokuror nəzarətinin hədləri İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. Eyni zamanda, inzibati xətalar qanunvericiliyi prokurorun inzibati xətalara dair işlər üzrə məhkəmə icraatında iştirakının hədlərini dəqiq müəyyən etmişdir. “Prokurorluq haqqında” Qanunun 27-ci maddəsinə görə, prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından protest verir. Protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna, hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur. Prokuror yalnız inzibati xətalar haqqında işlər üzrə icraatı başladıqda (qərar qəbul etdikdə) həmin işə məhkəmədə baxılmasında iştirak etmək, rəy və ya vəsatət vermək, nəticə ilə razılaşmadıqda həmin iş üzrə çıxarılmış məhkəmə qərarından və ya qərardadından protest vermək hüququ əldə edir. Beləliklə, Konstitusiya Məhkəməsi bir neçə prosessual qanunvericilikdəki normalara hüquqi qiymət verərək, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş prokuror nəzarətinin mahiyyəti, hədləri, protest hüququ barədə məsələləri araşdıraraq, bununla da prokurorun ümumiyyətlə inzibati xətalara dair işlər üzrə hansı hallarda protest verə bilməsi məsəlsinə aydınlıq gətirərək, qərarında hüquqi mövqeyi kimi əks etdirmişdir ki: «İnzibati xətalara dair işlər üzrə prokurorun protest vermək hüququ digər prosessual qanunvericiliklərdə olduğu kimi onun həmin prosesdə iştirakı ilə əlaqələndirilmişdir.» (qərarın təsviri əsaslandırıcı hissəsinin 50-ci abzasının 2-ci cümləsi). Bununla da prokuror yalnız iştirak etdiyi inzibati xətalara dair işlər üzrə qəbul edilmiş qərardan protest verə bilər. Qeyd edilənlərə əsasən hazırkı protest üzrə, prokuror barəsində protest verilmiş inzibati xəta haqqında işin tərəfi olmamışdır, həmin işin baxılmasında iştirak etməmişdir, həmin inzibati xəta haqqında iş prokurorun təşəbbüsü ilə başlanılmamışdır. Ona görə prokurorun hazırkı protesti vermək hüququ yoxdur. Ona görə də hazırkı protest buna hüququ olmayan şəxs tərəfindən verildiyi üçün, geri qaytarılmalıdır. Belə ki, İXM-in 128, 129-cu maddələrinə əsasən şikayətə və ya protestə baxılması, buna hüququ olan şəxs tərəfindən verildikdə mümkündür. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: - 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; - 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. İXM-in 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə hazırkı protestə məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmasını rədd edən hallar vardır. Çünki hazırkı protest buna hüququ olmayan şəxs tərəfindən verilmişdir. Protestə baxılması üçün onun göndərilməli olduğu digər bir aidiyyəti orqan da yoxdur. Ona görə də protest baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* №-li qərarı ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli protesti və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar