Məhkəmə qərarları › İş №3(005)-1/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X3 xx.xx.2024 tarixində ona məxsus nəqliyyat vasitəsilə hərəkətdə olarkən Mərdəkan yolunda onu yol polisi saxlamış, özünü təqdim edən polis nəfəri nəqliyyat vasitəsini yol kənarında dayanan patrul maşınına yaxın sürməyini tələb etmiş və orada olan cihazla ölçmə aparılacağını bildirmişdir. Nəqliyyat vasitəsini uyğun şəkildə polisin göstərişi ilə park edib mühərriki işlək vəziyyətdə saxlamışdır. Hava şəraiti az yağmurlu, çiskinli və magistral yolun kənarı olduğu üçün nəqliyyat vasitəsini tərk etməmək polis tərəfindən təklif olunmuşdur. Prosesi arxa görünüş güzgülərdən müşahidə etməyə başlamışdır. Xüsusi texniki vasitəni avtomobilinin səs boğucusuna quraşdıran polis bir müddət sonra ona yaxınlaşaraq avtomobilin atmosferə normadan dəfələrlə artıq zəhərli qaz ixrac etdiyini bildirmişdir. Sübut olaraq ona xüsusi texniki vasitə ilə çap edilmiş qəbz göstərmişdir. Qəbzin üst hissəsi polisin barmağı ilə tutulduğu yerdə yazı olduğunu görmüş və həmin hissəni oxuduqda başqa nəqliyyat vasitəsinə yəni qəbz onun avtomobilinə aid olmadığı və illik texniki baxışdan təzə keçdiyini polisə bildirmişdir. Cavabında bildirilmişdir ki, indi protokol tərtib ediləcək və hara istəsə şikayət edə bilər. Polis bir müddət sonra təkrar ona yaxınlaşmış və tərtib edərək çap etdiyi İXP ******* protokolu ona təqdim etmişdir. Protokol ilə yerində tanış olan zaman ölçü aparılan cihazın düzgün işləməsinə dair dövlət yoxlamasından keçdiyini təsdiq edər sənədin nömrəsi və tarixi barədə müvafiq qeydlərin protokolda boş olduğunu görmüşdür. Bu qeydlərin protokolda olmadığı və polisdən bu məlumatların təqdim etməsini xahiş etmişdir. Təkrar olaraq şikayəti əsasında bütün məlumatlar veriləcək cavabını almışdır. Tərtib edilmiş protokoldan Daxili İşlər Nazirliyi rəsmi müraciət səhifəsindən şikayət göndərmiş və müraciəti sənəd N: 3-13-16/1-S-1803xx/xx/2024 nömrəsi ilə qeydə alındı, müvafiq sms xəbərdarlığı ona göndərilmişdir. SMS-də qeyd edilən müraciətin statusunu öyrənmək üçün keçid vasitəsi ilə məlumat əldə etmək istəmiş və orada işin Baş X7 İdarəsində olduğu qeyd edilmişdir. Əlaqə vasitələri ilə məlumat almaq istəyi uğurla nəticələnmədi. Cavab verən nömrələr onu digər nömrəyə yönəldirdi və sonuncu nömrə də isə cavab verən olmadı. Yuxarıda qeyd etdiyi məlumatlardan görsəndiyi kimi magistral yolda təhlükəli ərazidə onu saxlayaraq naməlum bir cihazla ölçmə aparmağa dəvət olunmuş, protokola heç bir lazımi məlumat və ona aid nəticə qəbz təqdim edilmir. Mövcud olmayan materiallar sübut kimi protokola səbəb olur və şikayətinə baxmadan qərar verilir. Yol polisi tərəfindən ona heç bir qanuna uyğun olmayan və əsassız tətbiq olunan İXP ******* protokol üzrə inzibati işin axınının dayandırılması, protokola verilmiş TP ******* saylı qərarın ləğv edilməsi, şikayət edilmiş protokola tətbiq edilmiş cərimə məbləğinə hesablanan dəbbə pulunun ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 3642/2024 saylı qərarından görünür ki, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2754/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X2 şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 3(005)- 3642/2024 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X4 məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, X3 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarının məhkəmə iclasında qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 17:49-da Bakı şəhəri, Mərdəkan prospekti 114 ünvanında “Hyundai İX-35” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə X2 xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin istismarı qaydasını pozmasını təsdiq edən sənəd kimi qəbz təqdim edilmişdir. Təqdim edilmiş qəbzlə bağlı məhkəmə qeyd edir ki, həmin qəbzin sübut əhəmiyyəti yoxdur. Belə ki, həmin qəbzin N.Səmədovun nəqliyyat vasitəsinə aid olmasını müəyyən etmək olmur, qəbzdə müvafiq məlumatlar (nəqliyyat vasitəsinin markası, modeli, dövlət qeydiyyat nömrəsi) qeyd olunmamış, həmçinin qəbzdə hadisənin 17:07:44-də törədildiyi qeyd olunsa da, inzibati xəta haqqında protokolda hadisənin saat 17:49-da törədilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X7 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar