Məhkəmə qərarları › İş №3(005)-1001/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1001/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1001/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:30-da “Volswagen Passat” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən o, nəzarət yoxlama məqsədi ilə saxlanılmış, bu zaman sürücünün aşkar şəkildə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, hadisə günü az da olsa spirtli içki qəbul etdiyini bildirmişdir. Lakin hazırda əməlindən peşmandır. Evli olduğunu və hər sabah övladlarını avtomobillə bağçaya apardığını bildirərək barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə büruzə verdiyindən “ACE-Z” markalı İN-642092 nömrəli sərxoşluq vəziyyətini təyin edən texniki vasitədən istifadə edilmiş, müayinə nəticəsində o, həkim müayinəsinə ehtiyac olmadığını, alkotestor aparatının göstəricisi ilə razı olduğunu, spirtli içki qəbul etdiyini səmimi etiraf etdiyini qeyd etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30-da “Volswagen Passat” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar