Məhkəmə qərarları › İş №3(005)-1002/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1002/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1002/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 tərəfindən Şəxs barəsində 06 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 06 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixli 1932 nömrəli narkoloji tibbi yoxlomaya dair rəyə əsasən THC+ aşkarlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon İdarəsi 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında “Gənclik Mall” ticarət mərkəzinin qarşısında dayanan zaman polis əməkdaşı ona yaxıınlaşmışlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 1932 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı xəstəliyin əlamətləri aşkar olunmuş. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, X2 və Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Şəxs məxsus İ-21058 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsindən görünür ki, o, vətən müharibəsində iştirakına görə həmin medalla təltif edilmişdir. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşmançılıq çəkməsini və vətən müharibəsinin iştirakçısı olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar