Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1005/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədovun 18 mart 2022-ci il tarixli qərarından və 02 aprel 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2007-ci il buraxılışlı Opel Astra H minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində sağ köməkçi yolda, orta zolaqda təxminən 50-60 km/saat sürətlə hərəkət edərkən onunla eyni istiqamətdə və qarşısında hərəkətdə olan Toyota Prius minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Əzizova (Nuralı) Türanə Abid qızı yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Əzizova (Nuralı) Türanə Abid qızı izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2011-ci il buraxılışlı Toyota Prius minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində sağ köməkçi yolda, təxminən 50-60 km/saat sürətlə hərəkət edirdi. Qeyd olunan küçənin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ayrıcısını keçəndən bir qədər sonra hərəkətini düzünə davam etdirdiyi zaman onun sağında hərəkətdə olan markasını və nömrəsini bilmədiyi nəqliyyat vasitəsinin sürücüsü qəfil onun hərəkət etdiyi zolağa daxil olduğundan hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edib, avtomobili dayanma həddinə çatdırmağa çalışdı. Bu zaman onunla eyni istiqamətdə arxasında hərəkətdə olan Opel markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi seçməyərək idarə etdiyi avtomobilin ön hissəsi ilə onun dayanmaq üzrə olan avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində bədən xəsarəti aldığından hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən KTM-yə aparılıb həkim müayinəsindən keçmişdir. Aparılan təhqiqat araşdırması zamanı sürücü Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2007-ci il buraxılışlı Opel Astra H minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində sağ köməkçi yolda, orta zolaqda təxminən 50-60 km/saat sürətlə hərəkət edirdi. Qeyd olunan küçənin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ayrıcısını keçəndən bir qədər sonra hərəkətini düzünə davam etdirdiyi zaman onunla eyni istiqamətdə və qarşısında hərəkətdə olan Toyota Prius minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşısında çıxmış maneə ilə əlaqədar sərt əyləcdən istifadə etdiyindən və o düzgün ara məsafəsi seçmədiyindən idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsi toqquşmuşdur. Hadisə nəticəsində qarşı avtomobilin sürücüsü bədən xəsarəti aldığından hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən KTM- yə aparılıb həkim müayinəsindən keçdi. O isə hadisə yerində dayanaraq həmin ünvana gəlmiş polis əməkdaşı tərəfindən aparılan arşdırmada iştirak etdi. Əlavə suallara cavab olaraq hadisə nəticəsində heç bir xəsarət almadığını qeyd edib MTE-dən keçməkdən imtina etmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK-1N 260 nömrəli, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:33-də vət. Əzizova ^uranə Abid qızı DİN-in 102 XZM-yə məlumat verərək bildirdi ki, K.Marks Körpüsünün altında idarə etdiyi TOYOTA markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla OPEL markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş, başından xəsarət aldığını bildirmişdir. 2/5840 nömrəli, 13 mart 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra H” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş BA 410531 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1,B kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 15 mart 2023-cü il tarixli, 271 nömrəli rəyindən görünür ki, Əzizova (Nuralı) Türanə Abid qızının adına olan tibbi sənəddə qeyd olunan xəsarət: küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 mart 2022-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1005/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1005/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver