Məhkəmə qərarları › İş №3(005)-1014/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1014/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1014/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndələri X6 və X3, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhər DYPİ (bundan sonra BDYPİ) tərəfindən xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-383/2023 nömrəli qərarı ilə BDYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması BDYPİyə tapşırılmışdır. Məhkəmə qərarı icra olunması üçün BDYPİ-yə göndərilmiş və qərarın icrası BDYPİ-nin polis kapitanı X5 tapşırılmışdır. Polis kapitanı Zaur Tağıyev işin hallarını hərtərəfli araşdırmadan onun yenidən İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağına dair TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Qeyd olunan qərarın qanunsuz olduğunu bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir: xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar ilk öncə bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində DYPİ avtomobili mənə dayanmağım barədə göstəriş verərək avtomobilimi saxladı. Polis əməkdaşı mənə yaxınlaşaraq yolda gedərkən manevr etmə qaydalarını pozduğumu və məsuliyyətə cəlb olunacağımı bildirdi. Həmin vaxt o, polis əməkdaşı ilə olan dialoqunu mobil telefon vasitəsilə çəkməyə başladı, bunu görən polis əməkdaşı ona öz etirazını bildirərək çəkilişi saxlamağını tələb etdi. Yol polisinin bu qanunsuz göstərişini icra etmədiyi üçün daha bir qanunsuzluğa yol verərək onu məcbur şəkildə 18-ci Polis şöbəsinə apardı. Bir müddət orada saxladıqdan sonra onu İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmə barədə qərar verdi. Polis şöbəsində iddia olunan manevr etmə qaydalarını pozmağı ilə bağlı polis əməkdaşı ona videogörüntü göstərə bilmədi və yekunda qanunsuz qərarı qəbul etdi. xx.xx.2023-cü il tarixdə qəbul olunmuş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş həmin TP ******* seriyalı qərar ləğv edilərək yenidən araşdırılan zaman da BDYPİ-də mənə törətdiyi iddia olunan hüquq pozuntusu barədə hər hansı video görüntü təqdim edilmədi. Əlavə olaraq bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixdə qəbul olunan qərarda, eləcə də ona dair qəbul olunmuş xx.xx.2023-cü il tarixli protokolda inzibati xətanın törədildiyi yerin ünvanı: “Bakı, Murtuza Nağıyev, 28, GPS: 40.3928802,49.8725997" (ASANPAY-dan elektron çıxarışda əlavə olunur) olaraq göstərilmişdir. Hansı ki, həmin ərazidə, həmin vaxtda pozuntu törədilməsindən söhbət belə gedə bilməz. Bildirmək istəyir ki,xx.xx.2023-cü il tarixdə saat 09:33-də (protokolda qeyd olunmuşdur) iddia olunan inzibati xətanı törətməmişdir. Bütün qeyd olunan faktlar nəzərə alınmaqla bildirir ki, o, avtomobili idarə edərkən polis əməkdaşının iddia etdiyi inzibati hüquq pozuntusunu törətməmişdir. Bunu polis əməkdaşına bildirdiyində isə, ona qaydanı pozduğunu göstərən video görüntü göstərə bilmədi. Bundan əlavə ASANPAY portalında da barəmdəki müvafiq inzibati xətaya dair məlumatlar hissəsində “Əlavə edilmiş sənədlər (FotoA/ideo)” bölməsində hər hansı video görüntü mövcud deyildir. Bu səbəbdən, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X6 və X7 ayrı-ayrılıqda izahat verərək göstərdilər ki, X1 xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı həmin tarixli İXP ******* nömrəli protokolla təsdiq edilir. Bundan başqa, barəsində icraat aparılmış şəxs onun barəsində xx.xx.2023-cü il tarixdə TP seriyalı ******* nömrəli qərar qəbul edilərək həmin qərarla razı olduğunu bildirmiş və bu barədə həmin qərarda qeyd etmişdir. Bu hal həmçinin, onlar tərəfindən təqdim edilmiş diskdə əks olunan görüntülərlə təsdiq edilir. Həmçinin, inzibati xəta isə vizual olaraq aşkar edilmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntülərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 onun barəsində qərar qəbul edilməsi ilə razı olduğunu bildirərək polis əməkdaşının protokolun “qərarlı” yoxsa “qərarsız” tərtib edilməsi ilə bağlı sualına cavab verərək “qərarsız yaz, gec ödəyim” cavabını vermişdir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar