Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1022/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər işlər baş əməliyyat müvəkkili X3, Müdafiəçi-“Femida” Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X8 tərəfindən Şəxs barəsində 06 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 06 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X8 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, qeyd edilən ünvanda qeydiyyatda olmasına baxmayaraq ikinci Qarabağ müharibəsindən qayıtdıqdan sonra o bir qədər müalicə almışdır və sonradan əsəbləri pozulduğu üçün evdə qalmamış və daimi olaraq otellərdə və ya dost tanış evində qalmağa başlamışdır. Belə ki, 29.09.2020-ci il tarixdə o müharibəyə yollanmış və 02.11.2021-ci il tarixdə ayağından aldığı yara ilə əlaqədar olaraq tərxis olunmuşdur. Lakin döyüşlərdə iştirak etdiyi üçün o medal da almışdır. Bundan başqa o əvvəllər oğurluq cinayətinə görə məhkum edilmişdir. Sonuncu dəfə isə 2021-ci ildə o, narkotik vasitələri qanunsuz əldə etdiyinə görə 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin həmin cəza icraya yönəlməmiş və hal-hazırda ona qandal taxılmamışdır. X5 onun dostudur. Onunla 6-7 ildir ki, tanışmış və aralarında yaxşı münasibətlər vardır. O Yasamal rayonu ərazisində avtoyuma yeri işlədir. Yeni il bayramından sonra onun işçisinin olmadığını görüb ona təklif etmiş və o da qəbul etmişdir. Belə də onlar birlikdə çalışmışlar. Müharibədən qayıtdıqdan sonra ayağında ağrılar və əsəbi olduğu üçün bir qədər müalicə almışdır. Lakin ayağından qəlpə və güllə yarası aldığı, ağrıları olduğu üçün müalicə aldıqdan sonra narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. Psixotrop maddə metamfetamin nadir hallarda istifadə etmişdir. X5 da istifadə etdiyi üçün onlar orada birlikdə istifadə etmişlər. O, gedib alıb gəlmiş və o da pul verirmiş ki, onun üçün də alsın. Sonuncu dəfə 16 yanvar 2022-ci il tarixdə Kamran narkotik vasitə almaq üçün getmişdir. O da ona 5 manat narkotik vasitə heroin, 6-7 manat pul isə psixotrop maddə metamfetamin alması üçün vermişdir. O da axşam saat 19 radələrində getmiş və almışdır. Aldığı narkotik vasitələrdən ona bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə heroin vermişdir. 18 yanvar 2022-ci il tarixdə saat təxminən 16:35-də o, ünvan 2 ünvanın qarşısında tanışı Kamranla birlikdə olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Kamrana bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Bununla bağlı onu qəbul etmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər, Kamranı və onu Baş İdarəyə dəvət etmişlər. O artıq onların məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etməmişdir. Onlar polis idarəsinə gətirildikdən sonra onlar müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuş, onların hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona üzərinizdə şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Şəxsi axtarışda onların müdafiəçiləri iştirak etmiş və şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. Buna da hər hansı bir etiraz etməmişlər. Şəxsi axtarış zamanı ilk öncə Kamrana üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. Kamran üzərində olan gödəkçənin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu, gödəkçənin sol yan cibində olan şəxsiyyət vəsiqəsini, bank kartını, bir qutu siqareti təqdim etmişdir və bildirmişdir ki, siqaret qutusunun içərisində bir kağız bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir vardır.Bundan başqa üzərində olan cins şalvarın sol yan cibində olan bir 1 manat 40 qəpik pulu masa üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmiş və içərisində kristalvari ağ rəngli maddə olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Kamran etiraf etmişdir ki, həmin maddə “patı” kimi tanıdı psixotrop maddədir. Həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin maddəni isə tutulmamışdan iki gün qabaq Yasamal rayonunda, İnşaatçılar metrostansiyasının yaxınlığında Eldar adlı şəxsdən almışdır. O, Eldardan 0,5 qram metamfetamini 20 manata, 0,5 qram heroini isə 15 manata aldığını bildirmişdir. Daha sonra üzərində keçirilən şəxsi axtarış zamanı başqa hər hansı bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetamin bir ədəd sellofan paketə qoyulub daha sonra bir ədəd ağ rəngli zərfə qoyulmuş və üzəri möhürlənmişdir. Həmin zərfin üzəri Kamran, o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa da Kamranın üzərindən aşkar edilmiş “Samsunq” markalı mobil telefon və bir ədəd bank kartı da polis əməkdaşları tərəfindən götürülmüş, lakin 1 manat 40 qəpik pul və siqaret qutusu ona qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Ona da ilk öncə üzərində qanunla qadağan edilən əşyanın olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O da üzərində narkotik vasitə heroin, “patı” kimi tanıdığı psixotrop maddə, vəsiqə, telefon olduğunu bildirmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, daha sonra şalvarın sol arxa cibində olan hərbi bileti və döyüşlərdə iştirak etməyi barədə sənədi, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki kağız büküm, bir ədəd bir manatlıq əskinazdan düzəldilmiş borucuğu, şalvarın sol yan cibindən isə 50 manat pul çıxardıb masa üzərinə qoymuşdur. O həmin kağız bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Etdiyi əməldən səmimi peşmançılıq hissi çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 6/335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -Üzərində “Şübhəli şəxs X2 üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - Üzərində “Şübhəli şəxs Şəxs üzərindən aşkar olunmuş...” sözləri qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,061 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,064 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bir manatlıq əskinazın üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin Ambulator X1 haqqında 22.01.2022-ci il tarixli, 278 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə inzibati işlər üzrə icraata başlanılması və aidiyyatı üzrə məhkəməyə göndərilməsindən ötrü qəbul edilmiş qərarın surətinin BMCMİ-nə təqdim edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək inzibati materiala əlavə edilmiş İ-2790 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, İkinci Qarbağ müharibəsinin iştirakçısı olmasını inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X9 06.04.2022-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. “Femida” Vəkil Bürosunun vəkili X9 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1022/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1022/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver