Məhkəmə qərarları › İş №3(005)-103/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-103/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-103/2021 08.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “xxxx” MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə məcburi auditi aparılmamışdır. Nəticədə “xxxx” MMC tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, o, adı çəkilən MMC-nin direktorudur. MMC-nin illik hesabatlarını məcburi auditdən keçirtmək kimi vəzifəsi olduğundan məlumatsızdır. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 10/03-230-5437 nömrəli bildirişdən görünür ki, “xxxx” MMC 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil aiuditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol 2018-ci ilin maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün MMC-nin məcburi auditor cəlb etməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən audiorun cəlb edilməsi ən gec halda xx xxxxxx 2019-cu il tarixədək həyata keçirilməli idi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəməyə göndərmiş olduğu sənədlərlə MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə məcburi auditinin aparılmamasını göstərmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd olunur ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Beləliklə, “xxxx” MMC tərəfindən İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, MMC barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, “xxxx” MMC barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar