Məhkəmə qərarları › İş №3(005)-103/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-103/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-103/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadovun 26 dekabr 2023-cü il tarixli qərarından və 24 dekabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "KİA Seat" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Ak.H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsinə çatıb yolayrıcına daxil olaraq sola S.Vurğun küçəsinə dönmək istəyən zaman manver etmə qaydalarını pozması səbəbindən ehtiyatsızlıq edərək Ak.H.Əliyev küçəsi ilə sağdan yaxınlaşan sürücü X1 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sərnişini X3 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "KİA Seat" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Ak.H.Əliyev küçəsi ilə üzü Tbilisi prospekti istiqamətində sol zolaqla 30 km saat sürətlə hərəkətdə olmuşdur. Ak.H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində o sola S.Vurğun küçəsinə dönmək istəyən zaman Ak.H.Əliyev küçəsi ilə üzü «Gənclik» istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin hərəkət istiqamətinə çıxaraq manevr etmək istəmişdir ki, “Toyota Prius” markalı avtomobil onun avtomobilinin sağ yan hissəsinə çırpılmışdır. Hadisə zamanı Toyota Prius markalı avtomobildə olan sərnişin qadın xəsarət aldığı ücün hadisə yerinə gələn TTYS-nin vasitəsi ilə xəstəxanaya aparılmışdır. Daha sonra isə hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gəlmiş və bundan sonra aparılan araşdırmada iştirak etmişdir. Hadisə baş verən zaman o əyləcdən istifadə etməmişdir. Hadisə zamanı o hec bir xəsarət almamışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması zamanı vətəndaş X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 03:20 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə üzü Gənclik istiqamətində sağ zolaqla 70 km saat sürətlə hərəkət etmişdir. Ak.H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində Ak.H.Əliyev küçəsində sola S.Vurğun küçəsinə dönmək istəyən “KİA” markalı avtomobil onun hərəkət istiqamətinə çıxmış və o avtomobili saxlaya bilməyib həmin avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Hadisə zamanı onun avtomobilində arxa sağ oturacaqda sərnişin qadın oturmuşdu, hadisə zamanı zərbə nəticəsində həmin qadın xəsarət aldığı üçün hadisə yerinə gələn TTYS vasitəsi ilə xəstəxanaya apamışlar. Hadisə zamanı o hec bir xəsarət almamışdır. Daha sonra isə hadisə yerinə polis əməkdaşı gələrək hadisəni qeydiyyata almış və onun sərxoşluq müayinəsi məntəqəsinə apararaq müayinədən keçirtmiş və o Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə baş verən zaman xəsarət almamışdır. O hadisə zamanı əyləcdən istifadə etsədə havanın yağmurlu olduğundan asfalt örtüyü yaş olmasından avtomobili saxlaya bilməmişdir. Araşdırma zamanı vətəndaş X6 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03.20 radələrində o yaşadığı ünvandan taksi sifariş edərək «Gənclik» metrostansiyası istiqamətinə sifariş vermişdi, verdiyi sifarişə uyğun olaraq “Toyota Pirus” markalı taksi gələrək onu göstərilən ünvandan götürmüş və avtomobildə arxa sağ oturacaqda oturmuşdu. Ak.H.Əliyev küçəsində hərəkətdə olan zaman o avtomobildə telefona başı qarışıq olduğu ücün hadisənin hansı şəraitdə baş verməsini deyə bilməsədə, anidən avtomobilin qəza keçirdiyini hiss etmiş və hadisə zamanı onun sifət nahiyəsi qabaq oturacağın arxa hissəsinə dəydiyi ücün xəsarət almışdır. Hadisə yerinə gələn TTYS-nın vasitəsi ilə onu xəstəxanaya aparmışlar. Hadisənin baş verməsinin səbəbi onun sərnişin olduğu taksi avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur. Hadisə zamanı o bədəninin müxtəlif nahiyələrindən sağ qol baş və sol ayaq nahiyələrindən xəsarət almışdır. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK 1№ 1414/102-5395 nömrəli, xx.xx.2023-cü il tarixdə saat 03:52-də DİN-in 102 Xidməti-zəng əzinə müraciət edən vət. X6 məlumat verərək, Ak.H.Əliyev ə S.Vurğun küçəsinin kəsişməsində sərnişin qismində olduğu “Toyota Prius” markalı mobilin qəzaya düşməsi, xəsarət almasını bildirdi. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 3 saylı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş AC 547550 nömrəli, xx.xx.2018-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/51093 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/51092 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X1 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 1615 nömrəli rəyindən görünür ki, X2 aşkar edilmiş xəsarətlər- dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin (Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 5-cü hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar