Məhkəmə qərarları › İş №3(005)-1036/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1036/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1036/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – Jobava Ladonun nümayəndəsi (vəkili) “Prospekt” Vəkil Bürosunun vəkili Nümayəndə, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Jobava Lado tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Jobava Lado Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gürcüstan Respublikasının vətəndaşı olan, orada yaşayan və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş Lado Jobava, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin (bundan sonra - Müfəttişlik) 14 mart 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı (“Qərar”) ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən vəzifəli şəxs olaraq 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilən səbəblərə görə Müfəttişliyin Qərarından şikayət edir və onun ləğv edilməsi tələb edilir. Lado Jobava, Qərar və onun əsasında duran 09 mart 2025-ci il tarixli protokol tərtib edilərkən "xxxx" MMC-nin işçisi, o cümlədən vəzifəli şəxs olmadığı, həmçinin Azərbaycan Respublikasının ərazisində olmadığı üçün o, İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati qaydada cəzalandırıla bilməz. 30 sentyabr 2024-cü il tarixdən etibarən "xxxx" MMC-nin (VÖEN **********) Baş Direktoru Temur Eubidzedir və o, təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində daimi işləyir. İşçilərin məzuniyyətə göndərilməsi, onlara məzuniyyət haqlarının verilməsi məhz "xxxx" MMC-nin Baş Direktorunun səlahiyyətinə aiddir. Lado Jobava isə 30 sentyabr 2024-cü il tarixdən etibarən "xxxx" MMC-də təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində nə daimi, nə də müvəqqəti işləyən şəxs deyil və bunun əksini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Bu fakt da məzuniyyət haqqının verilməsinin gecikdirilməsində onun təqsirini də istisna edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lado Jobavanın Azərbaycan Respublikasında olmadığı və 03 oktyabr 2024-cü il tarixdən "xxxx" MMC-də ümumiyyətlə çalışmadığı halda, inzibati orqan lazımi araşdırma aparmadan onun barəsində qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, hesab edilir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Lado Jobava barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Sabiq işçi X1 haqq-hesabının düzgün hesablanmaması və ödənilməsi ilə bağlı əsassız şikayətçi olduğu halda Müfəttişlik şikayətin predmetindən kənar qanunsuz yoxlama aparmış və Lado Jobavanın iştirakı olmadan, "xxxx" MMC-də vəzifəli şəxs olmadığı halda barəsində protokol tərtib etmişdir. Bununla da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələbləri pozulmuşdur: Şikayət vermiş Jobava Ladonun nümayəndəsi Nümayəndə verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarda o vəzifəli şəxs kimi cərimə edilmişdir. Lakin həmin dövrdə Lado Jobava vəzifəli şəxs olmamışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X5 bildirmişdir ki, şikayətdən də göründüyü kimi şikayət vermiş şəxs əmri özünün verdiyini etiraf edir. O, direktor vəzifəsini müvəqqəti icra etsə belə əmr onun tərəfindən verildiyindən məsuliyyəti özü daşımalıdır. Məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Jobava Lado Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi Lado Jobava, hazırki isə Eubidze Temurdur. Jobava Lado şikayətdə tərəfindən qeyd edilən pozuntunun onun tərəfindən vəzifəli şəxs kimi törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə bildirir ki, şikayət vermiş şəxs özü də şikayət ərizəsinin dəlillərində 30 sentyabr 2024-cü il tarixdən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsini Temur Eubidzenin yerinə yetirdiyini qeyd etmişdir. Bununla da, inzibati xətanın - işçinin məzuniyyət hüququnun pozulmasının xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə, yəni Lado Jobavanın hüquqi şəxsin direktoru olduğu dövrə təsadüf etdiyi faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Jobava Lado tərəfindən vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Jobava Ladonun şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Jobava Ladonun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar