Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1039/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Tağıyev Şirkəti”nin direktoru Qasımov Amil oğlunun və nümayəndəsi X3 iştirakları ilə, “Tağıyev Şirkəti”nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası X6 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X6 “Tağıyev Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 28 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Tağıyev Şirkəti” tərəfindən ünvan 1 ünvanında 28.04.2021-ci il tarixdə saat 16:45-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə “Tağıyev Şirkəti” tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qərarı ilə “Tağıyev Şirkəti” İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1473/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hüquqi şəxs “Tağıyev Şirkəti”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə 3(005)-1039/2021 saylı, 31.05.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 protokolda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, artıq “Tağıyev Şirkəti” ilə X6 Bakı şəhəri Reklam İdarəsi arasında açıq məkanda reklam yerləşdirməsinə dair müqavilə bağlanılmışdır. Son olaraq iş üzrə hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Tağıyev Şirkəti”nin direktoru Qasımov Amil oğlunun və nümayəndəsi X5 izahatlarında göstərdi ki, tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsinə yol verilməmişdir. Bildirmişdir ki, şirkətin barəsində başlanmış inzibati xəta haqqında icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına yəni, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta hesab olunur. Lakin “Tağıyev Şirkəti”nin açıq məkanda reklam yerləşdirilməsinə dair 23.05.2021-ci il tarixdə Bakı şəhər Reklam İdarəsi arasında bağlanmış müqavilə mövcuddur. Belə olan halda əsassız olaraq şirkətin barəsində 28 aprel 2021-ci il tarixli protokol tərtib edilmişdir. Çıxışında qeyd olunanlara dair müvafiq sənədləri təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, “Tağıyev Şirkəti”nin Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla sübuta yetmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışa əsasən “Tağıyev Şirkəti” 27.12.1999-cu ildə dövlət qeydiyyatına alınmış və hazıra kimi ünvan 2 ünvanında fəaliyyət göstərir. İ**********0028; İ**********0027; İ**********0026; İ**********0025; İ**********0024; İ**********0023; İ**********0022; İ**********0021; İ**********0019; İ**********0020; İ**********0018; İ**********0017; İ**********0015 və İ**********0016 nömrəli, 23.05.2021-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası X6 ilə “Tağıyev Şirkəti” arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılmışdır. Access Bank vasitəsi ilə ödənilmiş 21.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Tağıyev Şirkəti”nin direktoru X7 M**********0001 saylı 21.05.2021-ci il tarixli bildirişə əsasən digər fasad reklamları üçün dövlət xəzinədarlığı agentliyinin büdcəsinə 290.70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 19.12.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının X6, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. İnzibati xəta haqqında protokolda “Tağıyev Şirkəti” tərəfindən ünvan 1 ünvanında 28.04.2021-ci il tarixdə saat 16:45-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Tağıyev Şirkəti” qeyd olunan ünvanda fəaliyyət göstərmir. Eyni zamanda Azərbaycan Respublikası X6 tərəfindən ünvan 1 ünvanının “Tağıyev Şirkəti”nə aid olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Tağıyev Şirkəti”nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki “Tağıyev Şirkəti” tərəfindən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi kimi hərəkətlərə yol verilməmişdir. Bu səbəbdən də “Tağıyev Şirkəti” barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, “Tağıyev Şirkəti” tərəfindən açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan “Tağıyev Şirkəti”nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən “Tağıyev Şirkəti” barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Tağıyev Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 28 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1039/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1039/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver