Məhkəmə qərarları › İş №3(005)-1042/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1042/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1042/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili Vəkil iştirakı ilə, «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə müəssisə tərəfindən İZ aktı yazılmamışdır. Bu səbəbdən onu İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilərək, həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, 2200 (iki min iki yüz) manat məbləğində cərimə tətbiq etmişdir. xx.xx.2023-ci il tarixində saat 17:00 “Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inşa etdiyi “Əhmədbəyli-Horadiz- Mincivan-Ağbənd, avtomobil yolunun 84-cü kilometrliyində vətəndaş X6 100-120 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi **-GT-*** dövlət nömrə nişanlı “Mitsubishi L200 Pick Up" markalı avtomobil ilə yolu sağdan sola piyada keçmək istəyən Filialın işçisi X3 vurmuş və nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3- 2- 625/2023 nömrəli Əmri ilə Təhqiqat Komissiyası təsis edilmiş və həmin Komissiya tərəfindən təhqiqat aparılmışdır. Komissiya aşağıdakılar barədə qərar vermişdir. X6 etibarnamə ilə idarə etdiyi “Mitsubishi L22 PİKAP" markalı 77GT960 dövlət nömrə nişanlı avtomobil ilə yolu piyada keçən X3 vurması nəticəsində sonuncunun ehtiyatsızlıqdan aldığı xəsarətlərdən hadisə yerində ölməsi; "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinin təsdiq etdiyi "Yol tikintisi işçisinin vəzifə təlimatı”nın 2-ci bəndinin 2.7-ci bölməsinin 2-ci abzasının (Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək) tələblərinə riayət edilməməsi; - “Kalyon RSY İnşaat Adi OrtaklığıTicari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinin təsdiq etdiyi “Briqada nəzarətçisinin vəzifə təlimatrnın “İİ. Vəzifə öhdəlikləri“’ bölməsinin 2.2-ci bəndinin (Təhlükəyə uyğun tədbir görmək üçün əvvəlcədən, təmiri davam edən yollarda nişanların quraşdırılması üçün göstəriş verir) və 2.4-cü bəndinin (Nişanları, yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılması üçün göstəriş verir) tələblərinə riayət edilməməsi. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci və 4.2-ci bəndlərinə əsasən “Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının yol tikintisi işçisi X1 ehtiyatsızlığını və 4.3-cü bəndinə əsasən “Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının briqada nəzarətçisi Akkoc Sıdıkın cavabdehliyini müəyyən etmişdir. Qeyd olunan Komissiya qərarı ilə razı olmadığı üçün xx.xx.2024-cü il tarixində tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi cənab Vəli Quliyevə şikayət ərizəsi ünvanlanmışdır. Həmin şikayət ərizəsində qeyd olumuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-625/2023 nömrəli Əmri ilə təsis edilmiş Təhqiqat Komissiyasının qərarı tamamilə qanunsuz, əsassızdır və hazırki bədbəxt hadisə ilə bağlı yenidən araşdırma aparılmalıdır. Lakin buna baxmayaraq, onun tərəfindən verilmiş şikayətə baxılmamış və əvəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndində qeyd olunub ki, bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Hazırki işin hallarından da görünür ki, X1 ölümünə səbəb olmuş bədbəxt hadisə ilə bağlı təhqiqat başa çatmamışdır. Belə ki, cavabdehin tərtib etdiyi təhqiqat aktına şirkətin nümayəndələri imza atmamışlar. Belə olan halda təhqiqat başa çatmış hesab oluna bilməz və ilk öncə mənim şikayətinə baxılmalı idi. Odur ki, cavabdeh tərəfindən barədə belə bir qərar qəbul oluna bilməzdir. Məlumat üçün qeyd olunur ki, hadisə zamanı X1 hər hansı günahı olmamış, lakin araşdırmanı aparan inzibati orqan onu günahkar hesab etmişdir. Hadisə xx.xx.2023cü il tarixində saat 18.00 radələrində baş verib. Hadisənin baş verdiyi yer magistral km: 42+600 ətrafı üst tikili işlərinin aparıldığı ərazidədir. Hadisənin baş verdiyi yer tikinti davam edən və hələ də nəqliyyatın hərəkəti üçün açılmayan ərazidədir. Hadisə zamanı çəkilən fotoşəkillərdə giriş-çıxışın yol nişanları və işarələri ilə bağlandığı aydın görünür. Hətta layihədə işləyən işçilər də bu əraziyə daxil ola bilməz. Azərbaycan ictimaiyyətinə də məlumdur ki, sözügedən yolun tikintisi davam edir və hələ də nəqliyyatın hərəkətinə açılmayıb və yolun tikintisinin davam etməsi yazılı və vizual mediada daimi bildirilir. ** GT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən X9 tikintisi davam edən və hələ də nəqliyyatın hərəkəti üçün açılmamış, giriş-çıxış baxımından yol nişanları ilə məhdudlaşdırılan bu yola icazəsiz daxil olmuşdur. O. bu yolda nəqliyyat vasitəsini həddindən artıq sürətlə idarə edərkən (şahidlər onun 100-120 km sürətlə getdiyini bildiriblər) yolu keçmək istəyən həmkarı X4 vurmuşdur. Şahidlərin ifadəsinə görə 30-40 m hündürlüyə atıb və bu zərbə onun ölümünə səbəb olmuşdur. Maşın şirkətin əməkdaşını vurduqdan sonra təxminən 100 metr aralıda dayana bilmişdir. Bu faciəvi qəzaya ** GT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 tikintisi davam edən və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olan, başqa heç kimin keçməsinə icazə verilməyən bu yola daxil olması səbəb olmuşdur. Beləliklə, X2 ölümünə səbəb. Təhqiqat Komisiyasının qərarında qeyd edildiyi kimi, onun ehtiyatsızlığından deyil, sürücü X6 təqsiri ucbatından baş vermişdir və bunu sübut edən bir sıra aydın sübutlar mövcuddur. Lakin bütün bunlara baxmayaraq. Təhqiqat Komissiyası sürücü X8 deyil, mərhum X4 təqsirli bilmiş və “Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının briqada nəzarətçisi Akkoc Sıdıkın cavabdehliyini müəyyən etmişdir. Barəsində tərtib olunmuş qərar aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili Vəkil tərtib olunmuş protokolun əsassız olduğunu bildirərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə müəssisə tərəfindən İZ aktı yazılmamışdır. «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 2200 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durduya ünvanlanan 29 mart 2024-cü il tarixli məktubdan görünür ki, “Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçisi X1 xx.xx.2023-cü il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı başa çatdırılaraq "xxxx" yazılmış və imza edilməsi üçün Şirkətinizə təqdim edilmişdir. Lakin, “Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialıTəhqiqat Komissiyasının yazdığı Təhqiqat Aktı ilə razılaşmamışdır və İZ Aktı yazmaqdan imtina etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, hadisə xx.xx.2023-ci il tarixində saat 17:00 “Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inşa etdiyi “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, avtomobil yolunun 84-cü kilometrliyində tikintisi davam edən və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olan, başqa heç kimin keçməsinə icazə verilməyən yolun ərazisində baş vermişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun İXM-in 555.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görəmin manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 555.2-ci maddəsinə bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 555.3-cü maddəsinə bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə- min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. . Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə müəssisə tərəfindən İZ aktı yazılmaması faktını müəyyən edərkən X7 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X7 «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun İXM-in 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun şikayətində göstərilən halların təsdiq edilməsi üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi «Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar