Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1049/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayətçi- X1 iştirakları ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayəti BBDYP idarəsinin 304-cü otağının əməkdaşının ona yazdığı ədalətsiz protokol (İXP6637895) barəsindədir. xx.xx.2024-cü il saat 20:00 radələrində idarə etdiyi **-ZN-*** nömrəli Opel markalı avtomobillə H.Əliyev pr ilə tıxacda hərəkət edərkən, qarşıda hərəkətdə olan **-NC-*** nömrəli Mersedes Viano markalı avtomobili arxa hissəsindən vurmuşdur. Maşınları saxlayıb hadisənin fotolarını qarşı tərəflə birgə çəkərkən, yol polisi əməkdaşı yoldakı sıxlığa görə onları hadisə yerindən uzaqlaşdırmışdır. Onlarda tabe olub hadisə yerindən uzaqlaşanda bir birlərini gözdən itirmişlər. O, maşınını H.Əliyev mərkəzinin aşağısında park edib 102 zəng mərkəzinə hadisə barədə məlumat verib oranı tərk etmişdir. xx.xx.2024 tarixində o, BBDYP idarəsinə dəvət olunmuşdur. xx.xx.2024 tarixində səhər 10:30-da o, BBDYP-si idarəsinin 304-cü otağına getmişdir. Ordakı Polis əməkdaşı ona ittiham irəli sürərək guya onun qəzanı törədərək hadisə yerindən qaçmağı ilə onu günahlandırdı. O, Polis əməkdaşına hadisə yerindən qarşı tərəflə birgə çəkdiyi fotoları təqdim edib və 102-yə onun zəng edib hadisə barədə məlumat verdiyinə baxmayaraq, əməkdaş ona 100 azn və 4 bal cərimə yazmışdır. Bununla əlaqədar o, Nərimanov rayon məhkəməsinə (İş N 3(005)-3509/2024) müraciət etmiş və hakim Xalidə Əlisoy şikayətini təmin etməmişdi (eyni zamanda Daxili İşlər Nazirliyinin rəsmi saytınada elektron şikayət göndərmişdir). O, da məhkəmənin qərarından narazı olaraq Apellyasiya məhkəməsinə müraciət etmişdir. X4 (İş N 3(103)-2810/2024) şikayətini qismən təmin edərək işi ətraflı araşdırmaq üçün Nərimanov rayon məhkəməsinə göndərmişdir. Nərimanov rayon məhkəməsində işə yenidən baxılmağını gözləyən zaman, sms radar proqramındakı protokol qərarsızlaşmış və protokolu ödəmədiyinə görə gələn faizlərdə silinmişdir. 902-yə zəng vurub nə baş verdiyini öyrənmək istəyəndə ordakı əməkdaş ona sistemdə hec bir protokolun olmadığını bildirmişdi. X6 Nazirliyinə elektron şikayət verdiyini ondan soruşmuş, o təsdiqləyəndən sonra cox güman Nazirlikdə işə baxıb və protokolu siliblər cavabını ona vermişlər. Bir müddət sonra Nərimanov rayon məhkəməsində işə yenidən baxılması üçün məhkəmə təyin edilmişdir. Məhkəmədə hakimə protokolun silindiyini və məhkəmə üçün səbəb olmadığını bildirmişdir. Hakim Gültəkin xanım hər ehtimala protokolu sistemdə yoxlayib silindiyinə əmin olduqdan sonra, onun ərizəsi ilə işə xitam verdi. 2 aya yaxın idiki sms radar proqramında protokol qərarsız olaraq qalmışdı və bu gün xx.xx.2025 tarixdə protokol yenidən aktivləşib qərarlı olmuş və cərimə olunmusuz deyə ona sms gəlmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X2 xx.xx.2025-ci il tarixdə saat 18:52-də Bakı şəhəri, H.Əliyev prospektində “Opel Vectra” minik markalı **-ZN-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə , həmçinin nəqiliyyat vasitəsinin sürücüsü yol nəqiliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.1 və 327.6-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhər DYPİ-yə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.1-ci maddəsinə əsasən -Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən . Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Bakı şəhər DYPİ-yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 327.1 və 327.6-ci maddələri ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər DYPİ-yə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1049/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1049/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver