Məhkəmə qərarları › İş №3(005)-1052/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1052/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1052/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 24.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC 136305.02 ABŞ dolları məbləğində vəsaiti 29.08.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 117245,61 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 30.08.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, “Kieback&Peter Lebanon SAL şirkəti ilə "xxxx" MMC arasında 28.08.2019-cu il tarixli müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən 30.08.2019-cu il tarixli xaricə pul köçürməyə dair ərizə (ödəniş tapşırığı) ilə MMC tərəfindən “Kieback&Peter Lebanon SAL şirkətinə 136305,04 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Sözügedən müqavilə əsasında müvafiq mallar ölkəyə idxal edilmiş və bu fakt məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə bu fakt təsdiq olunmuşdur. 28.08.2019-cu il tarixli müqavilə üzrə heç bir mal 20.11.2019-cu il tarixdən gec çatdırılmayıb, bütün mallar vaxtında çatdırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-yə qarşı tərtib edilmiş 24.09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC 03.07.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 100.00 AZN təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 31.08.2021-ci il tarixli, 13002-01/166 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsaslanaraq 27.08.2019-cu il və 30.08.2019-cu il tarixlərində Kapital Bank ASC tərəfindən Respublikadan kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürmələrin 2 il müddəti tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən müştərilərin adlarını və köçürmələrin bütün təsdiqedici sənədlərini Sizə təqdim edirik. İş materiallarında olan 29.08.2019-cu il tarixli xaricə köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 136305,02 ABŞ dolları məbləğində pulun xaricə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş **********7301 saylı, 26.09.2019-cu il tarixli, **********4728 saylı, 20.11.2019-cu il tarixli, **********7275 saylı, 14.11.2019-cu il tarixli, **********9622 saylı, 30.10.2019cu il tarixli gömrük bəyannamələrinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 136305,02 ABŞ dolları məbləğində vəsait hesabına malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 20.02.2020-ci il tarixdə qəbul edilmiş və 28.02.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli, 1616 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, "xxxx" MMC tərəfindən ölkə xaricinə köçürülmüş valyuta vəsaitinin müqabilində malların ölkəyə idxalı qanunla nəzərdə tutulmuş 2 (iki) il nəzərə alınmaqla, ən geci 29.08.2021-ci il tarixdə həyata keçirilməli idi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan xətanın törənməsi və müddət axımı valyuta vəsaitinin köçürüldüyü gündən 2 (iki) ilin tamam olduğu gündən səhərisi gün başlayır. Valyuta vəsaitinin xarici ölkəyə köçürüldüyü 29.08.2019-cu il tarixdən başlayaraq 2 (iki) il müddət 29.08.2021-ci il tarixdə başa çatır. Bununla da inzibati xətanın törədiliməsi vaxtı 30 avqust 2021-ci il tarix hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati 30 avqust 2021-ci il tarixdə törədildiyini və həmin vaxtdan 7 aydan çox müddət keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC 24 sentyabr 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 24 sentyabr 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar