Məhkəmə qərarları › İş №3(005)-107/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-107/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-107/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, EP seriyalı, 01400-10002/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-008457/2023 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs (VÖEN: **********) tərəfindən **********3184 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 6660,90 ABŞ dolları (11323,53 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, **********7062 nömrəli xx.xx.2023-cü il tarixli, **********7077 nömrəli xx.xx.2023-cü il tarixli və **********3184 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə ixrac olunmuş mallar Şəxs MMC ilə AO «Гранд- Трейд» (Rusiya Federasiyası) arasında bağlanmış xx.xx.2023-cü il tarixli GT/000040/23 nömrəli alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. **********7062 nömrəli xx.xx.2023-cü il tarixli və **********7077 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrində göstərilmiş məbləğlərin tam olaraq, **********3184 nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsində göstərilmiş məbləğin isə 8.250 ABŞ dollarının şirkətin Azərbaycan Respublikasındakı müvəkkil bankına köçürülməsi təmin edilmişdir. Həmin köçürmələri təsdiq edən SWİFT sənədləri mövcuddur. Köçürülməsi təmin edilməmiş 6.630 (altı min altı yüz otuz) ABŞ dolları məbləğində pul vəsaiti isə yuxarıda qeyd olunan müqavilənin 5 saylı Əlavəsinin şərtlərinə müvafiq olaraq, AO «Гранд-Трейд» şirkəti tərəfindən müəyyən olunmuş alış həcminə nail olması müqabilində mükafat (premiya) olaraq tutulmuşdur. Belə ki, həmin əlavənin 2-ci bəndinə əsasən, Satıcı Alıcıya 1000 ABŞ dolları məbləğində alış etməsi müqabilində mükafat (premiya) ödəməyi öhdəsinə götürür. Mükafatın (premiyanın) məbləği hər üzləşdirmə dövrü üçün mal dövriyyəsinin 5% təşkil edir. Mükafatın (premiyanın) konkret məbləği (“Mükafat ödənilməsi aktı”) öz əksini tapır. Tərəflər arasında razılaşdırılmış GDYT-000295 nömrəli xx.xx.2023-cü il tarixli “Mükafat ödənilməsi aktı”na müvafiq olaraq 1.785,60 ABŞ dolları, GDYT- 001315 nömrəli xx.xx.2023-cü il tarixli “Mükafat ödənilməsi aktı”na müvafiq olaraq 1.813,50 ABŞ dolları və GDYT-005053 nömrəli xx.xx.2023-cü il tarixli “Mükafat ödənilməsi aktı”na müvafiq olaraq 3.031,80 ABŞ dolları məbləğində pul vəsaiti AO «Гранд-Трейд» şirkəti tərəfindən **********3184 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilmiş köçürülməsi nəzərdə tutulan məbləğdən tutulmuşdur. Sözügedən müqavilənin 5 saylı Əlavəsinin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, Alıcı «Гранд-Трейд» premiya məbləğini müqavilə əsasında çatdırılmış malların müqabilində ödənilməli olan məbləğlərdən çıxmaq hüququna malikdir. Beləliklə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankına köçürülməsi nəzərdə tutulan 6.630,90 ABŞ dolları (altı min altı yüz otuz dolları, 9) məbləğində pul vəsaiti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq yuxarıda göstərilən əsaslarla AO «Гранд-Трейд» tərəfindən tutulmuşdur. Qalıq məbləğ təşkil edən 31 (otuz bir) ABŞ dollar isə köçürmənin həyata keçirilməsi ilə bağlı bankkorrespondent tərəfindən komissiya olaraq Şəxs MMC-yə köçürülən məbləğdən tutulmuşdur. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (Vöen:**********) 2023-cü ilin may ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 6660,90 ABŞ dolları dəyərində (11323,53 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Fedrasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixli 3-33-1700/2- 004544/2023 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. **********3184 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən ümumilikdə 14880,00 manat məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. **********7062 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən ümumilikdə 14508,00 manat məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. **********7077 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən ümumilikdə 14508,00 manat məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli “Əvəzləşdirmə haqqında bildiriş”in tərcümə olunmuş surətindən görünür ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 410-cu maddəsinə müvafiq olaraq GT/000040 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Qrand-Treyd” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə GT/000040 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə (GT-006534 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş, 14 nömrəli xx.xx.2023-cü il tarixli sifariş) üzrə tədarük olunmuş malın ödənilməsi hesabına 1785,6 ABŞ dolları həcmində mükafatın ödənilməsi aktında göstərilmiş borc məbləğinin əvəzləşdirilməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “Əvəzləşdirmə haqqında bildiriş”in tərcümə olunmuş surətindən görünür ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 410-cu maddəsinə müvafiq olaraq GT/000040 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Qrand-Treyd” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə GT/000040 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə (GT-006534 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş, 14 nömrəli xx.xx.2023-cü il tarixli sifariş) üzrə tədarük olunmuş malın ödənilməsi hesabına 1813,5 ABŞ dolları həcmində mükafatın ödənilməsi aktında göstərilmiş borc məbləğinin əvəzləşdirilməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “Əvəzləşdirmə haqqında bildiriş”in tərcümə olunmuş surətindən görünür ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 410-cu maddəsinə müvafiq olaraq GT/000040 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Qrand-Treyd” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə GT/000040 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə (GT-006534 nömrəli, xx.xx.2023-cü il tarixli sifariş, 14 nömrəli xx.xx.2023-cü il tarixli sifariş) üzrə tədarük olunmuş malın ödənilməsi hesabına 3031,8 ABŞ dolları həcmində mükafatın ödənilməsi aktında göstərilmiş borc məbləğinin əvəzləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən məbləğin "MET-AK” MMC-nin AR-da olan müvəkkil bank hesabına köçürülməməsi müqavilə münasibətləri çərçivəsində, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında, eləcə də müvafiq köçürmə əməliyyatlarını icra edən korrespondent bankın komissiyası olaraq tutulduqdan həyata keçirilməmişdir. Məhkəmə bu halın tərəflər arasında bağlanılmış müqavilələrdən asılı olaraq baş verməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, "MET-AK” MMC tərəfindən xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 6660,90 ABŞ dolları (11323,53 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 483-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "MET-AK” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "MET-AK” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "MET-AK” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, EP seriyalı, 01400- 10002/23 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar