Məhkəmə qərarları › İş №3(005)-1078/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1078/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1078/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X5, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X2 iştirakı ilə, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onun əsaslandırılmışdır ki, X3 xx.xx.2022-ci il tarixli, Ə N-Vİ №094668 saylı Etibarnamə əsasında ** UR *** dövlət qeydiyyat nişanlı X12 markalı avtomobilini idarə edir. xx.xx.2024-cü il tarixdə avtomobili Bakı şəhər Z.Bünyadov prospektində idarə edən zaman, yol polis idarəsinin əməkdaşı 99YP476 qeydiyyat nömrəli avtomobili idarə edən Hidayət adlı şəxs tərəfindən saxlanılmışdır. Səbəb olaraq da avtomobildən qara tüstünün çıxdığını bildirərək, avtomobili məcburi dayanacağa yerləşdirmişdir. Polis əməkdaşı onun tələblərinə heç bir məhəl qoymayaraq, avtomobili məcburi dayanacağa yerləşdirərək, özü çıxıb getmişdir. O, üzərindən 4 gün müddət keçəndən sonra Bakı Şəhər Yol Polis İdarəsinə gedərək, şikayətini bildirəndən sonra, onun telefonuna sms vasitəsi ilə protokol gəlmişdir. O, protokola baxan zaman, həmin protokolun köhnə tarixə yazıldığını görmüşdür. Bundan başqa protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. Lakin, həmin maddədə Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı göstərilibdir ki, bu maddənin də ona heç bir aidiyyatı yoxdur. Belə ki, polis əməkdaşı avtomobili tüstü buraxdığına görə saxladığını bildirmişdir. Avtomobildə heç bir konstruksiya dəyişikliyi yoxdur. Ona görə də protokolda qeyd edilən maddənin ona tətbiq edilməsi yalnışdır. Bu səbəbdən də avtomobilin neçə gündür məcburi dayanacaqda saxlamılması onun işlərinə maddi zərər vurur. Məhkəmə iclasında X6 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, onun avtomobili bir həftə cərimə meydançasında qalmışdır və daha sonra ona sənəd verərək avtomobilini çıxara bləcəyini demişlər. Protokol isə dörd gün sonra yazılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X7 məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilə baxış keçirilən zaman mütəxəssis dəvət edilməmişdir. Onlarda hazırda yalnız avtomobilə dair videogörüntülər var. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X6 tərəfindən nəqliyyat vasitəsinin istismarına görə İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 13 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə İXMin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X2 07 mart 2024-cü il tarixdə tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydasını pozmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən X4 məxsus avtomobilə baxış keçirilən zaman xüsusi biliyə malik olan şəxs, yəni mütəxəssis dəvət edilməmiş, sadəcə olaraq polis əməkdaşı tərəfindən avtomobilə baxış keçirilərək protokol tərtib edilmişdir. Bununla da avtomobildə nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozulmasının polis əməkdaşları tərəfindən müəyyən edilməsi mümkünsüzdür. Məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş TP ******* nömrəli, 13 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 13 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar