Məhkəmə qərarları › İş №3(005)-1079/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1079/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1079/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, 4 nömrəli Trest ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 08 aprel 2024-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 4 nömrəli Trest ünvanında saat 22:30 radələrində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 aprel 2024-cü il tarixdə saat 02:04 radələrində ünvan 2 ünvanında ictimai qaydanı qəsdən pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs 07 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 4 nömrəli Trest ünvanında saat 22:30 radələrində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, daha sonra 08 aprel 2024-cü il tarixdə saat 02:04 radələrində ünvan 2 ünvanında ictimai qaydanı qəsdən pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də protokolları müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 07 aprel 2024-cü il tarixdə gecə saatlarında evdə olarkən spirtli içki qəbul etmiş və qonşusu ilə mübahisə etmişdir. Hadisələri dəqiq xatırlamır, çünki sərxoş olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə üzrə əməliyyat müvəkkili X11 ifadəsində göstərmişdir ki, Şəxs 07 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 4 nömrəli Trest ünvanında saat 22:30 radələrində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və 08 aprel 2024-cü il tarixdə saat 02:04 radələrində ünvan 2 ünvanında ictimai qaydanı qəsdən pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin məsul növbətçisi Şakir Əliyev tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi Azər Məmmədova ünvanlanan 07 aprel 2024-cü il tarixli raportdan görünür ki, polis əməkdaşları xidmət etdiyi inzibati ərazidə xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə yüngül dərəcəli sərxoş olan vətəndaş X1 DİN-nin 102 xidmətinə vermiş olduğu şikayəti əsasında PŞ-nə gələn onun oğlu xx.xx.1986-cı il təvəllüdlü X4 uca səslə nalayiq ifadələr işlətməklə PŞ-nin işrejimini kobud formada pozmuşdur. Polis əməkdaşları tərəfindən Şəxs qanuni alilik prinsipi izah edilərək ona polisir qanuni tələblərinə tabe olması izah edilsə də, o qəsdən polisin qanuni tələbələrinə tabe olmayaraq nalayiq ifadələrlə təhqi etməyə davam etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq PŞ-nin iş rejimini kobud sürətdə pozmaqla polis əməkdaşlarını təhqir edən Şəxs Nürəddin oğlu barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. HK-2 №1711 saylı, 08 aprel 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:13-də X3 DİN-nin 102 xidmətinə zəng edərək Böyük-Şor ərazisində yaşayan vətəndaş Nərimanov RPİ-nin əməkdaşlarının ünvanına təhqir edici ifadələr işlətməsi barədə məlumat vermişdir. 08 aprel 2024-cü il tarixli Aktdan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçisi polis mayoru Şakir Əliyev,əməliyyat qrupunun rəhbəri baş əməliyyat müvəkkili polis mayoru Tural Hüseynov, əməliyyat müvəkkili polis leytenantı Elçin Əliyev, polis leytenantı Elmar Aslanov,sahə inspektoru polis mayoru Nicat Ələkbərov və baş təhqiqatçı polis mayoru Nurlan Nuruluj bu aktı tərtib etdilər ondan ötəri ki, xx.xx.2024-cü il tarixdə polisin qanunu tələbinə tabe olmadığı üçün AZA 020381 saylı barəsində tutma protokolu tərtib edilməklə PŞ-nin MSY-də saxlanılan 2/18522 saylı rəy üzrə orta dərəcəli sərxoş olan xx.xx.1986-cı ildə anadan olan Şəxs saat 02:04 radələrində çəkmiş olduğu siqaret vasitəsi ilə özünü yandırmağa cəhd etmiş və bu halın qarşısı alınmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında” xx.xx.2024-cü il tarixli, 2/18522 nömrəli protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ortadır. “İnzibati qaydada tutma haqqında” 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafı, inzibati xəta haqqında protokollar, şahid ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 07 aprel 2024-cü il tarixdə saat 22:30 radələrində ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar, şahid ifadələri və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 08 aprel 2024-cü il il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 aprel 2024-cü il saat 22:50-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar