Məhkəmə qərarları › İş №3(005)-1082/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1082/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1082/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 03 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən X2 tərəfindən təqdim olunmuş SHB/İ-008 nömrəli 26 may 2023-cü il tarixli xidmət müqaviləsində S.Abdullayevin Şəxs MMC-in müəyyən etdiyi ərazidə torpaq işlərinin yerinə yetirilməsi öhdəliyi üzərinə götürdüyü məlum olmuş, lakin əmək müqaviləsi bağlanmamış və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü maddəsinin bəndinin (tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin, (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və onların mülkihüquqi müqavilələri ilə rəsmiləşdirməsinə yol verilmir) tələblərinin pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahatında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X6 etiraz təqdim təqdim edərək bildirmişdir ki, X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi tətbiq edilərək protokol tərtib edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Vəzifəli şəxs kimi onun, rəhbərlik etdiyii hüququ şəxs barəsində tərtib edilmiş protokolar qanunsuz və əsassızdır. Onun rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən bu halların heç birinə yol verilmədiyindən həmin MMC-yə münasibətdə İXM-in 192.1-ci maddəsinin tətbiq edilməsi düzgün deyil. Belə ki, Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3-cü hissəsində göstərilir ki, bəzi hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. MMC ilə fiziki şəxs X2 arasmda yaranan münasibətlər isə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində sadalanan halların heç birinə uyğun deyildir. Şəxs MMC “X13” MMC arasmda bağlanmış subpodrat müqaviləsi əsasında qazma və dolğu işlərini yerinə yetirir. Nizamnaməsinə uyğun olaraq yük daşınması Şəxs MMC fəaliyyət sahəsinə aid deyildir. Subpodrat müqaviləsi üzrə götürülmüş öhdəliyin tam yerinə yetirilməsini təmin etmək məqsədi ilə yüklərin daşınması üçün Şəxs MMC fiziki şəxs X2 ilə SHB/İ-008 nömrəli müqavilə xidməti müqavilə bağlanmışdır. Belə ki, X1 şəxsi özüboşaldan yük avtomobilləri (2 ədəd Ford və Mercedes markalı) ilə yükdaşınması xidmətini göstərir. Göstərilmiş xidmətə görə də hesabat dövrü üçün elektron qaimə qoyur. Məhz qoyulmuş elektron qaimə əsasında həmin fiziki şəxsin cari bank hesabına pul vəsaiti köçürülür. Məhz Nərmin xanımda olan müqavilənin 3-cü bəndinin 3.2 və 3.5 -ci maddəsində də göstərildiyi kimi Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq icraçı tərəfindən təyin olunmuş sürücülərin əmək haqları, lisenziyaları və razılıq və icazələri xidmət göstərən fiziki şəxs tərəfindən icra edilir. Təqdim edilmiş müqavilədən də göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilənin forması Əmək Məcəlləsinin 44-cü maddəsinin 2-ci hissəsi ilə ilə müəyyən edilmiş əmək müqaviləsinin formasından, 43-cü maddəsinin 2-ci hissəis ilə müəyyən edilmiş əmək müqaviləsinin məzmunundan tam fərqlidir. Tərəflər arasında münasibətlər əmək kitabçası təqdim edilməklə rəsmiləşdirilməmişdir. Sərdar Abdullayevlə MMC arasında yaranan münasibətlər MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı deyildir. Belə ki, MMC-də sürücü ştatı və ya avtomobil mexanizmi olmadığı üçün sürücü ştatına da tələbatı yoxdur. Bu şəxslər MMC ilə Nord West arasında bağlanmış subpodrat müqaviləsində göstərilən yol tikintisinin həyata keçirilməsində köməkçi (fiziki şəxslə bağlanmış müqavilədə göstərildiyi kimi daşımaçılıq) işlərini yerinə yetirir və bunun müqabilində həmin fiziki şəxsin cari bank hesabına vəsait ödənilir. Onun bank hesabına ödənilmiş vəsaitin tərkibi Əmək Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət deyil. Müqaviləyə xitam verilməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və yaxud tam yerinə yetiriiməməsi ilə bağlı məsələlər Əmək Məcəlləsi ilə deyil Mülki Məcəllə ilə müqavilədə nəzərdə tutulduğu qaydada tənzimlənir. Şəxs MMC-nin rəhbəri X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 03 aprel 2024cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 çıxış edərək bildirmişdir ki, o, 2023-cü il tarixdən Şəxs MMC-də sürücü vəzifəsində işləmişdir. Onlar xidməti müqavilə əsasında çalışmışlar, əmək haqqı 6.000 manat nəzərdə tutulmuş, lakin nəzərdə tutulmuş əmək haqqı onlara ödənilmədiyi üçün aidiyyatı üzrə şikayət etdiyini bildirdi. Onlar yük daşımış və yol çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxış edərək bildirmişdir ki, o, Şəxs MMC-də işləmişdir. O, Şəxs MMC ilə arasında xidməti müqavilənin bağlandığını bildirmişdir. X5 Şəxs MMC tərəfindən 13.000 manat pul ödənilməli olduğunu bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Podratçı “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti və subpodratçı Şəxs arasında bağlanmış №23- NWC-LAC-2353 saylı, 05 aprel 2023-cü il tarixli subpodrat müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən subpodratçı, podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə qazma və dolğu işlərini (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. Podratçı “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti və subpodratçı Şəxs arasında bağlanmış №23- NWC-LAC-2353 saylı, 05 aprel 2023-cü il tarixli subpodrat müqaviləsinə əlavədən görünür ki, subpodratçı yerinə yetiriləcək işləri müştəriyə təhvil verəcəkdir. SHB/İ-008 nömrəli 26 may 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi Şəxs və icraçı X2 arasında xidməti müqaviləsi bağlanmışdır. İcraçı Müqavilənin imzalandığı tarixdən etibarən 31 dekabr 2023-cü il tarixinədək Sifarişçinin müəyyən etdiyi ərazi(lər)də özünə məxsus (**-CD-***) nömrə nişanlı MERSEDES BENZ-3028 X/T-ÖZÜ BOŞALDAN və (**-RT-***) nömrə nişanlı FORD CARGO-3530 YÜK,ÖZÜBOŞALDAN) texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsi ( daşınmasına görə) (26 iş günü işləmək şərti ilə 12000(on iki min) manat olmaqla xidmət haqqı nəzərcə tutulmuşdur) və Sifarişçiyə təhvil verilməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öz öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-cü maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülkihüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasən-məkd müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Şəxs MMC tərəfindən X2 ilə əmək müqaviləsi bağlanmalı olduğu halda, onunla mülkihüquqi (xidməti) müqavilə bağlanmışdır. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən X2 müvafiq əmək müqaviləsi bağlanmadan xidmət müqaviləsi bağlanaraq, qanunazidd şəkildə əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında yaranmış münasibətlər mülki hüquq normaları ilə deyil, əmək hüquq normaları tənzimlənməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs MMC tərəfindən X1 əmək müqaviləsi bağlanmadan və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman məhkəmə tərəflər arasında yaranan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verərək münasibətlərin mülki-hüquqi deyil, əmək hüquq münasibətləri olduğu qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar