Məhkəmə qərarları › İş №3(005)-1086/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1086/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1086/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 20.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 20.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X2 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MN ******* nömrəli, 23 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1400/2020 saylı, 04.08.2020-ci il tarixli qərardadı ilə şikayət yaşadığı yer üzrə verilmədiyi əsası ilə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin 3(013)-155/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MN ******* nömrəli, 23 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətinin şikayətə əlavə olunmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MN ******* nömrəli, 23 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surəti 22 aprel 2021-ci il tarixdə təqdim edilmişdir. İlk öncə qeyd edir ki, 21 iyul 2020-ci il tarixdə saat 09:00 radələrində “xxxx” MMC-nin nümayəndəsi kimi Bakı Kommersiya Məhkəməsində məhkəmə iclasında iştirakı vacib olduğundan məhkəmə bildirişi ilə məhkəmə iclas zalında iştirak etmək üçün Yusif Səfərov küçəsində yerləşən “Sevgi” parkı ilə piyada hərəkət edərkən polis əməkdaşı ona yaxınlaşaraq ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Şəxsiyyət vəsiqəsi üzrə şəxsiyyətini yoxlayarkən müəyyən edib ki, SMS icazəsi yoxdur. Polis əməkdaşına məhkəməyə getdiyi barədə məlumat verərək məhkəmə bildirişini göstərsə də, onu İXM-nin 211-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edərək bildirmişdir ki, icazəsi olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2020-ci il tarixli qərarının 1.9-cu bəndinə əsasən həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. Ərizəyə əlavə etdiyi və üzərində işarə etdiyi qanunun tələbindən də görünür ki, vətəndaşın məhkəmə iclasına SMS məlumat göndərilmədən getməyi tam sərbəstdir və inzibati tənbeh tətbiq edilə bilməz. Qeyd edir ki, polis əməkdaşı ona yaxınlaşarkən və yaxınlaşmamışdan əvvəl belə o, maskadan istifadə etmişdir və yalnız olaraq piyada hərəkətini davam etdirirmiş, lakin polis əməkdaşı onun cəmiyyətdə hər hansı bir epidemiya halı bağlı qanun pozuntusu etmədiyini bilərək ona AR İXM-nin 211-ci maddəsi ilə cərimə yazmışdır. Qeyd edir ki, polis əməkdaşı onu saxlayarkən heç bir protokol tərtib etməmişdir və bununla bağlı protokolun nüsxəsini verməmişdir. Sadəcə olaraq onu cərimə etdiyini bildirdi və o, dəfələrlə protokolu təqdim etməsini tələb edərkən polis əməkdaşı bundan imtina etdi. Şəxs barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib olunursa, həmin protokol vətəndaşa təqdim olunmalıdır və bu protokolu tərtib edən səlahiyyətli şəxsin vəzifəsidir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, ona polis əməkdaşı 21.07.2020-ci il tarixdə yaxınlaşsa da MN seriyalı ******* saylı qərar 23.07.2020-ci il tarixdə “ASAN PAY” elektron kabinetində yerləşdirilmiş və bundan sonra məlumatım olmuşdur. Qeyd edir ki, qərar düzgün tərtib olunmamış 21 iyul 2020-ci il tarixdə polis əməkdaşı onu dayandırsa da protokol dərhal tərtib olunmamış, qərar 23 iyul 2020-ci il tarixdə qərar "ASAN PAY” elektron kabinetinə yerləşdirilmiş, halbuki operativ olaraq dərhal yerləşdirilməli idi və bununla da AR İXM-nin 124.4-cü və 101-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd edir ki, polis əməkdaşı onu saxlayarkən şəxsiyyət vəsiqəsi üzərində olduğundan elə bir hal nəzərə alına bilməz. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Xətai RPİ-nin 37ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 20.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 20.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 20.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 20.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar