Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1086/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, H.Əliyev küçəsində ona məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə manevr qaydalarını pozmuş və YPX-nın əməkdaşlarına müqavimət göstərməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev və M.Qaşqay küçələrinin kəsişməsində yüksək sürətlə manevr qaydalarını kobud surətdə pozduğu üçün inzibati ərazidə xidmət aparan Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın əməkdaşları V.Ağarzayev və İ.Həsənov tərəfindən saxlama əmri verilmişdir. Lakin Şəxs tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Bundan sonra avtomobil məcburi qaydada saxlanılmış və sürücünün yüksək həddə sərxoş olması vizual müşahidə edilmişdir. Şəxs saxlanılan zaman küçədə ictimai asayişi qəsdən pozmuş, polis əməkdaşlarına müqavimət göstərmiş, YPXA-nın **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşının əl efirini sındırmış, özünə müxtəlif dərəcəli bədən xəsarətləri vurmuşdur. Eyni zamanda adları qeyd edilən polis əməkdaşlarının geyim formasını yararsız hala salmışdır. Daha sonra Şəxs analoji hərəkətlərini Nərimanov RPİ-nin 16-cı PB-də davam etdirmiş və növbətçi hissənin iş fəaliyyətini pozmuşdur. Sərxoş halda əməliyyat qrupunda olan polis əməkdaşlarını nalayiq sözlərlə təhqir etmişdir. Tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilir. Belə ki, inzibati xəta haqqında protokollarda qeyd edilən hadisəni tam olaraq xatırlamır. Uşaq vaxtı yıxılmış və başından travma almışdır. Həmin gün çox içkili olmuşdur. İçkili olduğundan hadisənin necə baş verməsini və nələr olmasını xatırlamır. xx.xx.2023-cü il tarixdə avtomobilini avtoyumaya vermişdir. Avtomobili özünün ya da avtoyumanın işçisinin sürdüyünü xatırlamır. O, videogörüntülərlə tanış olduqdan sonra hadisəni çox az xatırlamağa başlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin hansı axarda baş verməsini və hadisəyə dair heç nə xatırlamır. Odur ki, yekunda barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində bir nəfər vətəndaşın **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobilin onun üzərinə avtomobili sürməsini bildirmişdir. Bu zaman onlar həmin avtomobilə saxlama əmri vermişlər. Daha sonra avtomobilə yaxınlaşdıqda sürücü avtomobildən aşağı düşmüşdür. Sürücünün aşkar surətdə sərxoş olması müəyyən edilmişdir. Daha sonra onlar vətəndaşa xidməti avtomobilə əyləşməsini xahiş etmişlər və vətəndaş onlara əl atmağa başlamış, həmçinin onların ünvanına nalayiq ifadələr işlətmişdir. Avtomobilə minməyə etiraz etmişdir. Digər polis əməkdaşlarının köməyi ilə vətəndaş Şəxs avtomaşına mindirilərək Polis Bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X4 Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. 11 aprel 2023-cü il tarixli, 2/8617 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev və M.Qaşqay küçələrinin kəsişməsində baş vermiş hadisənin videogörüntülərini əks etdirən “CD” diskə baxış zamanı müəyyən olunmuşdur ki, Məmmədov X1 rayonu ərazisində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı müqavimət göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, şahidlərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 aprel 2023-cü il tarixdən saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1086/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1086/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver