Məhkəmə qərarları › İş №3(005)-1089/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1089/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1089/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 07 aprel 2023cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi törətmiş sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin rəisi Arzu Heydərova ünvanlanmış xx.xx.2023-cü il tarixli HK 1 N-261 nömrəli raportdan görünür ki, 13 mart 2023-cü il tarixdə, saat 19:21 radələrində 1 saylı TTYS-dən həkim Muradova məlumat verərək bildirmişdir ki, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində baş YNH-si zamanı, xx.xx.1996-cı il təvəllüdlü X2 hər iki diz və alın nahiyəsinin küt travması ilə müraciət etmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, o təxminən 10 ilə yaxındır ki, taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 13:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius-minik” markalı ** DX *** dövlət qeydiyyat'nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla saat da 45 km sürətlə düzünə hərəkət edirmiş. Həmin vaxt avtomobildə adını bilmədiyi sərnişin əyləşmişdir. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən avtomobillərin dayandığını və tıxac olduğunu görüb, əks zolağa keçərək Ak.H.Əliyev küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində geri qayıtmaq istəmişdir. Bu zaman onunla parallel əks zolaqla Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində hərəkət edən mopedi görməmiş və nəticə də mopedin ön hissəsi ilə onun avtomobilinin sol yan hissəsi toqquşmuşdur. Zərbənin təsirindən mopedin sürücüsü müqavimətini saxlaya bilməyib, asfalt örtüyün üzərinə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları köməyə gəlmişlər. TTYS-nin həkim briqadası xəsarət almış şəxsi müayinə olunması üçün xəstəxanaya aparmışdır. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 13:20 radələrində özünə məxsus idarə etdiyi “Tufan S50" markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan qoşa xəttin kənarı ilə əks zolaqla saat da 60 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi moped ilə düzünə hərəkətdə olan zaman onunla parallel sağdan 3-cü zolaqla hərəkət edən “Toyota Prius-minik” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu görməmiş və əks zolağa yəni Ak.H.Əliyev küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində olan zolağa daxil olmuşdur. Bu zaman onun idarə etdiyi mopedin ön hissəsi ilə “Toyota Prius-minik” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o, müqavimətini saxlaya bilməyib, yerə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları köməyə gəlmişlər. Onlardan biri onun üçün TTYS-nin həkim briqadasını hadisə yerinə dəvət etmişdir. O, da onlarla gedərək xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPl-də aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2023-cü il tarixli, 279 nömrəli rəyindən görünür ki, vət. X1 aşkar edilmiş xəsarətlərsağ gicgah və almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoma, sol əlin İV əl daraq falanqasının arxa səthinin, sağ diz oynağının ön səthinin sıyrıqları, sağ budun aşağı üçdə birinin qançırı-küt əşyanın (əşyaların] təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar