Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1097/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri – X4 iştirakları ilə, “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 04 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, Nərimanov rayonunda xx.xx.2025-ci il tarixdə keçirilən monitorinq zamanı «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tibbi tullantıların emal yerinin düzgün müəyyən edilmədiyi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X2 inzibati xəta haqqında protokola uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsləhətçi-müfəttişi X8 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, “X7” MMC tibbi fəaliyyət göstərməklə bütün zəruri hüquqi sənədlərin əldə edilməsini təmin edərək təhlükəli tullantıların pasportlaşdırmışdır.Qeyd olunan pasportlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir.Odur ki, “X7” MMC tibbi fəaliyyətlə əlaqədar olaraq tibbi tullantıların aparılması üçün “Kommunal Xidmətlər Müəssəsi" MMC ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, klinikanın tibbi fəaliyyəti zamanı yaranımş tibbi tullantıların mövcud qaydalara uyğun olaraq, xüsusi ayrılmış otaqda qablaşdırılır və konteynerlərə yığılır və təhvil verilir. Bununla əlaqədar olaraq tibbi tullantılar təhvil və təslim edilməsi haqqında akt tərtib edilir. Belə olan halda X3 tibbi tullantıları, məişət tullantılarının konteynerinə atıla bilməz və belə bir faktın aşkar edilməsi absurddur. Təqdim olunmuş sənədlərdən görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə monitorinq keçirilmiş və tibbi tullantılar aşkar edilmiş və akt yazılmışdır. Sonradan 28 gün keçdikdən sonra isə xx.xx.2025-ci il tarixdə isə ikinci akt yazılmışdır. Hər iki akt yazılarkən formal olaraq guya “X7” MMC-nin direktoru F.Həsənov imtina etməsinə dair qeydiyyat yazılmışdır. Hər bir halda aşkar olunmuş tibbi tullantının “X7”na aid olmasının necə təsdiq edilməsi öz əksini tapmamışdır. Həmin tibbi tullantılar “X7” na aid deyildir. X3 binası yaxınlığında yerləşən məişət tullantıları konteynerlərində aşkar edilmiş hər hansı bir tibbi tullantının X3 əməkdaşları tərəfindən atılması tamami ilə yalandan uydurulmuş və əsassız olaraq akt yazılmışdır. Əgər aşkar olunmuşdursa belə həmin tullantıların X6 aid olunmasını təsdiq edən heç bir sübut yoxdur və bu haqqda heç bir araşdırma aparılmamışdır. Ona görədə 11 saylı RETSİ tərəfindən belə bir tibbi tullantılar aşkar edilmişsə, lazım gəlirdi ki, araşdırma aparılsın və zərurət yaranarsa ekspertiza təyin edərək rəy alınması təmin edilsin. Ümumilikdə bu inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar yoxlanılmamışdır. Həmin ərazidə bir neçə yaşayış binası və bir poliklinika var. Səlahiyyətli orqanın əməkdaşları tərəfindən həmin zibillər sanki zibil qutularından çıxardılaraq yerə atılmış, daha sonra isə müvafiq akt tərtib edilərək fotoşəkillər çəkilmişdir. Səlahiyyətli orqanın əməkdaşları tərəfindən zibillərin kim tərəfindən atılması barədə hər hansı araşdırma aparılmamışdır. Göstərilənləri nəzərə alaraq MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 89113 nömrəli, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, idarənin xx.xx.2023-cü il tarixli, 049 nömrəli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” və digər ekoloji qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədi ilə tərəflərindən Bakı şəhəri, Nərimanov rayonu, 1959-cu məhəllə ünvanına baxış keçirilmişdir. Baxış zamanı “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi personal işçisi tərəfindən məişət tullantılarının atılması faktı aşkar edilmişdir. “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqavilədən görünür ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməyə təhvil verilməsi öhdəliyi "xxxx" MMC-yə məxsusdur. Məhkəmə iş üzrə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iş materillarına yoxlama aktı və əraziyə atılmış tullantıların fotoşəkilləri əlavə edilsə də, həmin tullantıların «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən atılmasının həqiqiliyinə dair inzibati orqan tərəfindən hər-hansı araşdırma aparılmamışdır. İşin həqiqi halları ilə müəyyən olunur ki, protokol tərtib edilərkən səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, MMC-nin nümayəndəsinin izahatı alınmamış, tullantıların olduğu ərazinin «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olmasına dair hər hansı rəsmi sənəd olub-olmaması müəyyən edilməmiş, yalnız «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində həyata keçirilmiş yoxlama aktı və kim tərəfindən atılması (fotoşəkildə olan qadının “Oksigen” Klinikasına aidiyyəti müəyyən edilməmişdir) müəyyən edilməyən tullantıların fotoşəkilləri əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olunur ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tibbi tullantıların emal yerləri düzgün müəyyən edilmişdir. Belə ki, MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tibbi tullantıların təhvil-təslim otağı ayrılmış, həmçinin həmin otaqda tibbə aid bütün tullantıların epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd cür (A, B, C, D) konteyner müəyyənləşdirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Tibbi tullantıların idarə olunmasına dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1097/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1097/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver