Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-11/2021 21.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs X3, Qərarı barəsində şikayət verilən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X11 nümayəndəsi X2 iştirakları ilə, X3 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru X7 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinə dair şikayətinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən “RİCH” mehmanxanasında direktor vəzifəsində çalışır. Nəzərə çatdırmaq istəyir ki, xx.xx.2020-ci il tarixli, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən MN seriyalı, ******* nömrəli, İnzibati tənbeh vermə haqqında Qərar əsasında ona İXM-nin 211.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə yazılmışdır. Qərarın bildirişini xx.xx.2020ci il tarixdə əldə etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə gələrək, mehmanxanada yerləşən karantin otaqları, mətbəx, camaşırxana və s. digər yerlərə baxış keçirmiş və xx.xx.2020-ci il tarixli, ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib etmişlər. Protokolda “RİCH” mehmanxanasında sanitariya və gigiyena və epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması hallarının aşkar olunduğu qeyd olunmuşdur. Həmin gün tərtib olunmuş aktda isə, mehmanxana daxilində karantin otağının olmadığı, qonaq otaqlarında isə tibbi maska və spirtin olmadığı öz əksini tapmışdır. Səhiyyə Nazirliyinin və Bakı şəhər icra hakimiyyətinin nümayəndələri bu iddialarla tamamilə narazı olduğunu bildirmiş və həmçinin, göstərilən iradlar əsassız olduğundan, Dövlət Turizm Agentliyinin əməkdaşları da aktı imzalamağa narazı olduqlarını bildirmişdilər. Nəzərə çatdırmaq istəyir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli, 287 nömrəli “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqqında Qərara əsasən, mehmanxanada Koronavirus (COVİD-19) pandemiyası dövründə mehmanxanalar tərəfindən tətbiq edilməli olan profilaktik və preventiv tədbirlər üzrə “Daxili təbirlər planı”, həmçinin, daxili tədbirlər planına əlavə edilən “Təmizlik planı” tərtib edilmişdir. Plan üzrə nəzarət cədvəllərinə və görüləcək işlərə tam şəkildə riayət edilmişdir. Həmçinin bildirmək istəyir ki, Turizm agentliyinin də razılığı ilə “RİCH” mehmanxanası ilə “SOCAR”ın X4 ilə xx.xx.2020-ci il tarixli Xidmət haqqında müqaviləyə əsasən karantin oteli olaraq fəaliyyət göstərir və bu günədək xeyli sayda işçini tam təhlükəsiz və sanitariya qaydalarına uyğun şəkildə qonaqlamışdır. Göstərilənlərə əsasən, hesab edir ki, birmənalı, birtərəfli, yarımçıq araşdırma nəticəsində qərar çıxarmaqla Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən onun hüquqları ilə yanaşı ədalət mühakiməsinin prinsipləri də pozulmuşdur. Göründüyü kimi, sözügedən inzibati orqanın qərarı işin hallarına uyğun olmamaqla yanaşı, eyni zamanda maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, iş üzrə qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli Qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X11 nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, təmsil etdiyi qurumun əməkdaşları tərəfindən “RİCH” oteldə sanitariya, gigiyena və epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması halları aşkar olunmuş və bu səbəbdən də, “RİCH” otelin rəhbəri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X14 tərəfindən inzibati araşdırma aparılarkən qanunvericiliyin normalarına tam əməl olunmuşdur. Bu səbəbdən şikayətin əsasız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 izahatında bildirmişdir ki, o, “RİCH” otelin qeydiyyat şöbəsində çalışır. Yoxlama gəldikdə onları otelin daxilində karantin qaydalarına ciddi əməl olunması ilə bağlı tanış etmişlər. Yoxlama otelin binasına daxil olduqdan sonra karantin otağına aprılmış və orada söhbət olunmuşdur. Karantin otağında tibbi maska, spirt və dezinfeksiya edici məhlullar vardır. Otelə daxil olan şəxslər ilk əvvəl karantin otağına aparılaraq yoxlanışdan keçirilir, daha sonra isə onlara aid olan nömrələrə yerləşdirilir. Həmçinin də COVİD-19 təhlükəsi olan şəxs karantin otağına yerləşdirilir, vəziyyəti ağırlaşdırdığı təqdirdə otaqda saxlanılaraq təcili tibbi yardıma məlumat verilir. Həmçinin otelin bütün otaqlarında qalan şəxslər tək saxlanılır və otaqda da lazımi tibbi ləvazimatlar (tibbi maska və s.) vardır. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 12 saylı ünvanda yerləşən “RİCH” oteldə sanitariya, gigiyena və epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması halları aşkar olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “RİCH” mehmanxanasında sanitariya, gigiyena və epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması hallarının aşkar olunması ilə bağlı xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və “RİCH” mehmanxanasının direktoru X8 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X10, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin və “RİCH” mehmanxanasının direktoru X3 iştirakları ilə tərtib olunmuş və həmin şəxslər tərəfindən (Dövlət Turizm Agentliyinin nümayəndələri istisna olmaqla) imzalanmış xx xxxxxxx 2020-ci il tarixli Aktın surətindən görünür ki, “Biz aşağıda imza edənlər bu aktı tərtib edirik ondan ötrü ki, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 ünvanında yerləşən “RİCH” oteldə monitorinq həyata keçirildi. Monitorinq zamanı mehmanxana daxilində Nazirlər kabinetinin 287 nömrəli Qərarının və İXM-nin 211-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildi. Belə ki, mehmanxana daxilində karantin otağı, qonaq otaqlarında maska və tibbi spirt təşkil edilməmişdir. Bununla bağlı mehmanxana rəhbərliyinə bütün məlumatlar izah edildi.”. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X8 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli, 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın 11.2.10cu bəndinə əsasən mehmanxana tərəfindən qonaqların mehmanxanada qalma müddəti nəzərə alınmaqla, otaqlarda hər bir qonaq üçün ayrı-ayrı tibbi (parça) maskalar və spirt əsaslı əl dezinfeksiya vasitələri qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X14 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-11/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-11/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver