Məhkəmə qərarları › İş №3(005)-1112/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1112/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1112/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Durdu Alinin nümayəndəsi və vəkili “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şikayət vermiş şəxs “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayət vermiş şəxs “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda "Kalyon RSY X5 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçisi Ahmet Yurduseverin xx.xx.2022-ci il tarixində iş vaxtı xəsarət alması barədə Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən məlumat verilməməsinə görə onun İnzibati xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilərək, həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Beləliklə, inzibati xətanın törədildiyi vaxt xx.xx.2022-ci il tarixi olmuş və həmin dövrdə qüvvədə olmuş İnzibati xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən o, xx.xx.2022-ci il tarixinə kimi inzibati məsuliyyətə cəlb oluna bilərdi. Eyni zamanda məlumat üçün bildirirəm ki, xx.xx.2022-ci il tarixində "Kalyon RSY X5 Ticari İşletmesi" Şirkətinin KR-185-04 nömrəli məktubu ilə Ahmet Yurduseverin xəsarət almasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəisi cənab V.Quliyevə məlumat verilmişdir. Odur ki, baş vermiş hadisə ilə bağlı X3 Xidmətinə xx.xx.2022-ci il tarixində məlumat verilmişdir. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" xx.xx.2022-ci il tarixli 664-VİQD nömrəli Qanunun qüvvəyə minənədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bildiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs Durdu Alinin nümayəndəsi və vəkili vəkili X2 bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin köhnə redaksiyasına görə şəxs inzibati xəta törədildiyi vaxtdan üç ay keçənədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Hazırki iş üzrə inzibati xəta 22 aprel 2022-ci il tarixdə törədilmiş, şəxs isə 13 aprel 2023-cü il tarixdə məsuliyyətə cəlb edilmişdir. Belə olan halda hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Ali Durdunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 217-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İrfan Yılmaz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 217-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. "Kalyon RSY X5 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, şirkətdə baş vermiş hadisə barədə həmin tarixdə Xidmətə məlumat verilmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini və vəkilini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, inzibati xətanın törədildyi vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (köhnə redaksiya) 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da həmin hadisənin törədildiyi vaxtdan üç aydan artıq vaxt keçdikdən sonra, yəni İXM-nin 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar