Məhkəmə qərarları › İş №3(005)-1113/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1113/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1113/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, «Kalyon RSY X2 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi «Kalyon RSY X2 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi «Kalyon RSY X2 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, "Kalyon RSY X2 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən Kaplan Mehmet işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bu səbəbdən onu İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilərək, həmin Məcəllənin 114.1.1ci maddəsinə əsasən, 4000 (dörd min) manat məbləğində cərimə tətbiq etmişdir. xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasının vətəndaşı Mehmet Kaplan ilə "Kalyon RSY X2 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında əmək müqaviləsi bağlanmış və həmin şəxs qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. Həmin şəxs ilə əmək müqaviləsi bağlandıqdan sonra, əmək qanunvericiliyinə uyğun olaraq ƏMƏS alt sistemində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinin bildirişinin qeydiyyata alınması sistemin özündə olan texniki problemlərə görə mümkün olmamışdır. 1 yanvardan minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Bu artımdan sonra işəgötürənlər qeyd olunan tarixlərdən etibarən həmin məbləğin ƏMAS alt sistemində əmək müqaviləsi bildirişlərinə kütləvi şəkildə dəyişikliklər etdi. Həmin dəyişikliklərin kütləvi halda edilməsi ƏMAS alt sistemində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasında təxminən xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasında sistemdə müəyyən yüklənmələr müşahidə olunmuşdur. Bu səbəbdən də ƏMAS alt sistemində əmək müqaviləsinin qeydiyyata alınması yalnız xx.xx.2023-cü il tarixində saat 16:40 mümkün olmuşdur. Beləliklə, tərəfindən işə götürülən şəxsin qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin qeydə alınması üçün bütün zəruri tədbirlər görülmüş, lakin ondan asılı olmayan səbəbdən əmək müqaviləsinin bildirişinin qeydə alınması xx.xx.2023-cü il tarixində günün ikinci yarısı mümkün olmuşdur. Lakin bütün bunlara baxmayaraq, X1 Xidməti hesab etmişdir ki, Mehmet Kaplan həmin gün əmək müqaviləsinin bildirişi qeydə alınmadan işə cəlb edilmişdir. Xidmətin qeyd olunan mövqeyi ilə razı deyildir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati protokol tərtib etmiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə iş üzrə icraat iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”a əsasən X4 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fərdi sahibkar «Kalyon RSY X2 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə fərdi sahibkar «Kalyon RSY X2 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi şikayətində əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasında texniki səbəblərdən gecikmələr olduğunu bildirərək, yalnız xx.xx.2023-cü il tarixində saat 16:40da əmək müqaviləsi bildirişinin sistemdə qeydiyyatının mümkün olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi «Kalyon RSY X2 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar