Məhkəmə qərarları › İş №3(005)-1121/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1121/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1121/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştiarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 462.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 2023-cü il üzrə 2024-cü il ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi təqdim edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş MN2098275 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati protokolun icraatına xitam verilməlidir. Belə ki, Şəxs MMC təsis edildiyi tarixdən etibarən istifadəsində olan https://qafqaz.net/home/company/about (haqqımızda bölməsinin sonunda) internet saytında Maliyyə Hesabatlarını açıq mənbədə dərc etməkdədir. Protokolda göstərilən 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar audit rəyi ilə birlikdə həmin səhifədə dərc edilməkdədir. Ümumiyyətlə belə bir protokolun barələrində tərtib olunması barədə heç- bir məlumatları olmamışdır, nümayəndəsi dəvət edilməmişdir, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etiraz vermək hüquqları kobud şəkildə məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, Maliyyə Nazirliyi tərəfindən məktub MMC-nin köhnə ünvanına göndərilmişdir. Protokol üzrə qeyd edilmiş məlumat Şəxs MMC təsis edildiyi tarixdən etibarən istifadəsində olan https://qafqaz.net/home/companv/about saytında dərc edilmişdir. Bununla bağlı zəruri sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəxs MMC-yə ünvanlandığı 3-23/2- 1419/2025 nömrəli, 28.0.2.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC 2023-cü il üzrə birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024cü ildə təşkilatın rəsmi internet səhifəsində və mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx.xx.2025-ci il tarixdə, saat 12:00-da Azerbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacaqdır. Təşkilatın 2023-cü il üzrə birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc edildiyi mövcud olduğu təqdirdə həmin rəyi və maliyyə hesabatlarını yuxarıda qeyd olunan tarixədək göndərmələri tələb olunur. Şəxs MMC-nin istifadəsində olan https://qafqaz.net/home/company/about saytından çıxarışdan görünür ki, Şəxs MMC-nin maliyyə vəziyyətinə dair müvafiq qaydada maliyyə hesabatları və audit rəyi saytda dərc edilmişdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: 12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; 12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. Həmin Qanunun 12-1.9-cu maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, iş üzrə tərəflərin izahatlarından və təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən tərəfindən 2023-cü il üzrə illik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə 2024-cü ildə qanunla müəyyən edilmiş qaydada dərc edilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakimvə ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar