Məhkəmə qərarları › İş №3(005)-1123/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1123/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1123/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədovun 28 fevral 2022-ci il tarixli qərarından və AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 fevral 2022-ci il tarixdə saat 19:05-də etibarnamə əsasında idarə etdiyi, 2008-ci il buraxılışlı, Toyota Prius minik markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi ilə K.Kazımzadə küçəsi istiqamətindən üzü C.Hacıbəyli küçəsi istiqamətində sol zolaqda təxminən 50-55 km/saat sürətlə hərəkətdə olan zaman, qeyd olunan küçələrin kəsişməsinə az qalmış məsafədə bir nəfər piyadanın yolun sağ kənarında dayanaraq yolu keçməyə hazırlaşdığını görmüş, lakin həmin piyadanın dayanıb ona yol verəcəyini güman etdiyi üçün hərəkətinə davam etmişdir. Piyadaya yaxınlaşmağına az qalmış məsafədə həmin piyada qəfil hərəkətə başlayaraq yolu sağdan sola tərəf keçməyə başladığından hərəkətdə olan avtomobilinin ön sağ hissəsinə dəymişdir. Bundan sonra o avtomobili saxlayıb yerə enmiş və həmin piyadaya yaxınlaşaraq ondan ehtiyyatlı olmasını və özünü onun avtomobilinə çırpmasının səbəbini soruşmuşdur. Bu zaman Dədə Qorqud parkından bir nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq hadisənin onun təqsirindən baş verməsini bildirdiyindən o istifadəsində olan mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş polis əməkdaşı hadisəni qeydə alaraq araşdırmaya başlamışdır. Nəticədə piyada X3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 fevral 2022-ci il tarixdə, saat 19:05-də Azərbaycan Respublikasının DİN-nin 102 Xidmətizəng mərkəzindən Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat verilmişdir ki, Şəxs telefonla 102 xidməti zəng mərkəzinə müraciət edərək, piyada keçidi olmayan yerdə Toyota Prius minik markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə 24 yaşlı şəxsin qaçaraq dəyməsi barədə məlumat vermişdir. Qeyd olunan məlumat xarakterli raport həmin günü HK 1 N 168 sıra sayı altında qeydə alınaraq araşdırmanın aparılması baş təhqiqatçı Orxan Məmmədova həvalə edilmişdir; “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, X4, X5, X2 iştirakı ilə yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Baxış ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin sınmış və düşmüş hissələri mövcud deyil, hadisə yerində yolun sağ kənarında dayanmış vəziyyətdə Toyota Prius minik markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil mövcud olmuşdur. 2/5029 nömrəli 10 fevral 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AE 001500 nömrəli 20 aprel 2013-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 22.02.2022-ci il tarixli, 138 nömrəli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərağrı simptomu və sol aşıq baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan, sol aşıq baldır oynağının və sol ayağın yumuşaq toxumalarının şişkinlik halında əzilməsi- sol aşıq baldır oynağının qanşırı və sıyrıqları, sol ayağın qançırları-küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10 fevral 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Təhqiqat araşdırması üzrə izahatı alınmış X3 göstərmişdir ki, 10.02.2022-ci il tarixdə saat 19 radələrində o Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən avtomobil yolunu Dədə Qorqud parkı istiqamətindən əks tərəfə keçərkən, təxminən yolun ortalarında olduğu zaman həmin küçə ilə üzü C.Hacıbəyli küçəsi istiqamətində hərəkətdə oplan Toyota Prius minik markalı avtomobilin ön sağ hissəsi onun ayaq nahiyyəsinə dəymişdir. Bundan sonra sürücü avtomoboli saxlayıb yerə enmiş və ona yaxınlaşaraq piyada keçidi olmayan yerdən yolu keçməsinin səbəbini soruşmuşdur. Bundan sonra o istifadəsində olan mobil nömrədən DİN-nin 102 xidmətinə və TTYSnin 103 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra o, hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən KTM-yə aparılıb həkim müayinəsindən keçmişdir. Müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28.02.2022-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının 22.02.2022-ci il tarixli, 138 nömrəli rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar