Məhkəmə qərarları › İş №3(005)-1125/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1125/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1125/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ24688857 saylı və xx.xx.2024-ci il tarixli, EQ24748534 saylı, xx.xx.2025-ci il tarixli, 25619170 saylı protokllar əsasında qəbul edilmiş qərarların əsassız olduğundan ləğv edilməsini, həmin qərarlar üzrə hesablanmış 1800,00 manat cərimə borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tarixlərdə qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar