Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1126/2022 01.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi X2 barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 07 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Baku Croissanterie” adlı obyektdə xx.xx.2022-ci il tarixdə, saat 16:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib. Nəticədə vəzifəli şəxs X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, tələb olunan rüsumu ödəmişdir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yayımına görə icazənin alınması zərurəti barədə bildiriş obyektə 04 aprel 2022-ci il tarixdə təqdim edilmiş, inzibati xəta haqqında protokol isə 07 aprel 2022-ci il tarixdə tərtib edilmişdir. Lakin burada qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, qanunvericilikdə müəyyən olunmuş 5 gün müddət gözlənilmədən protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1126/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1590/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, 13199 nömrəli qəbzdən görünür ki, X2 tərəfindən 51 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, müəyyən edilmiş fakt X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. Belə ki, X2 tərəfindən qeyd olunan dövlət rüsumu ödənilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yayımına görə icazənin alınması zərurəti barədə bildiriş “Baku Croissanterie” adlı obyektə 04 aprel 2022-ci il il tarixdə təqdim edilmiş, inzibati xəta haqqında protokol isə 07 aprel 2022-ci il tarixdə tərtib edilmişdir, lakin “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən, müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə; 3.5.1. reklam yayıcısı məlum olduğu halda pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməlidir. Göründüyü kimi qanunvericilikdə göstərilən ən azı 5 günlük müddətə baxmayaraq bildiriş təqdim edildikdən 3 gün sonra kobud qanun pozuntusu olaraq protokol yazılmışdır, halbuki inzibati xəta haqqında protokol ən tezi 09 aprel 2022-ci il tarixdə tərtib olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından X2 barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1126/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1126/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver