Məhkəmə qərarları › İş №3(005)-113/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-113/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-113/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MTKnın nümayəndəsi X2 iştirakı ilə, Şəxs MTK barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 28 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs MTK barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, hüquqi şəxs Şəxs MTK (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - X5 (FİN: 4M93LFB) MTK-nın onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 15.08.2021-ci il tarixdən 02.11.2021ci il tarixədək Şəxs MTK tərəfindən ünvan 1 ünvanında olan yaşayış binasının idarə edilməsini öz üzərinə götürərək komendant kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X5 izahatında göstərdi ki, 30.09.2014-cü il tarixdən Şəxs MTK da mühasib vəzifəsində işləyir. Şəxs MTK təxminən 2005-ci il tarixdə təsis edilmiş və əsas fəaliyyəti hündür mərtəbəli yaşayış binalarının, məktəblərin, uşaq baxçalarının və xəstəxanaların tikintisindən ibarət olmuşdur. Şəxs MTKnın sədri təxminən 2013-cü il tarixdən X7 olmuş, lakin sonuncu 2018-ci ildə cinayət məsuliyyətinə cəlb olunaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəzasını PX-saylı 10 saylı CÇM-də cəza çəkir. O şirkətdə mühasib vəzifəsində işləsə də X7 tərəfindən ona verilmiş 31.10.2017-ci il tarixli etibarnamə üzrə Şəxs MTK-nı dövlət orqanlarında təmsil etmişdir. Qeyd etmişdir ki, X7 PX-in 10 saylı CÇM-də cəza çəkdiyinə görə, X3 X7 arasında bağlanmış əmək müqaviləsinə sonuncunun yerinə o imza çəkmiş və möhürü o vurmuşdur. X1 müddəti ilə işə götürülmüş, əmək müqaviləsi barədə işçinin əmək kitabçasinda qeydiyyat aparılmışdır. Lakin əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən orqanın şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MTK tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: 03.11.2021-ci il tarixdə Nərimanov RPİ-dən rayon prokurorluğuna 12.05.2021-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X8 23.10.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Real MTK” ya məxsus 22 mərtəbəli binanın sərnişin-yük liftində minməsi və liftdə yaranan nasazlıq səbəbindən liftin qırılaraq 1-ci mərtəbəyə düşməsi nəticəsində xəsarət almasına dair müraciəti əsasında Nərimanov RPİ-nin 16-cı PB-də toplanmış material daxil olmuşdur. Həmin material üzrə araşdırmanın aparılması 03.11.2021-ci il tarixdə Nərimanov rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən müstəntiq Emil Mehdiyevə həvalə edilmiş və araşdırma aparılmışdır. Qeyd olunan fakt üzrə araşdırma aparılaraq toplanmış material üzrə 03.12.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar 06.12.2021-ci il tarixdə Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən ləğv edilmiş və Nərimanov rayon prokurorluğunun müstəntiqi Emil Mehdiyev tərəfindən əlavə araşdırma aparılmışdır; Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, 15.08.2021-ci il tarixdən Şəxs MTKnın Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 21, 955-ci məhəllədə inşa etdiyi 22 mərtəbəli binada inzibatçısı (komendant) işləyir. Onun komendant kimi vəzifəsi, bina sakinlərindən aylıq kommunal ödənişlərin yığılmasından, həmin ödənişlər vasitəsi ilə binada çalışan digər işçilərə aylıq maaşların verilməsindən, kommunal xərclərin ödənilməsindən, o cümlədən binanın avadanlıqlarında (lift v.s) görülən bərpa işlərinin qarşılanmasından ibarətdir. Onun inzibatçısı (komendant) olduğu binanın 2-ci korpusu 3 blokdan ibarətdir. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 tərəfindən hüquqi şəxs "xxxx" MTK, X5 və X3 əməllərində Azərbaycan Respublikası İnzibati Xətaiar Məcəlləsinin 192.1, 198.2 və 198.3-cü maddələrinin tərkib əlamətləri mövcud olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır; “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən ünvan 3 ünvanında yerləşən Şəxs MTK (VÖEN: **********) barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MTK tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs MTK tərəfindən işçini əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmədən əmək fəaliyyətinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MTK barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MTK tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MTK İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar