Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1133/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Material üzrə cinayət təqibinə xitam verilməsi haqqında” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevin 27 aprel 2021-ci il tarixli qərarından və 06 may 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.03.2021-ci il tarixdə saat 18:50 radələrində etibarnamə əsasında idarə etdiyi “KİA PRİDE” minik markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə N.B.Yusifbəyli küçəsinin kəsişməsində hərəkətdə olduğu zaman işıqforun hərəkəti qadağan edən qırmızı işığında dayanmadan hərəkət etməsi nəticəsində piyadalar X5 yüngül dərəcəli və X4 az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, 28.03.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “KİA PRİDE” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 50-55 km/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, N.B.Yusifbəyli küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətindən Azadlıq prospekti istiqamətində hərəkət etmiş, həmin vaxt rəfiqəsi X1 onun avtomobilinin sağ tərəf ön oturacağında əyləşmişdir. N.B.Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatanda fikirli olması səbəbindən qarşısında işıqforun hansı rəngli işığının yanmasına baxmağı unutduğu üçün işıqfora baxmadan hərəkətini düzünə davam etdirib yol kəsişməsinə daxil olmuşdur. Bu zaman idarə etdiyi avtomobilin ön hissəsi, Azadlıq prospektində hərəkətdə olan “CHEVROLET COMARO” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön qanadı ilə toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən qarşı avtomobilin sürücüsü idarə etməni itirmiş və avtomobili yolun sağ tərəf piyada səkisinə keçib səkidə hərəkətdə olan, hadisədən sonra şəxsiyyətləri ona məlum olan piyadalar X3 və X5 dəyərək onlara bədən xəsarətləri yetirmişdir. Toqquşmadan çox qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları və TTYS-nin həkim briqadaları gəlmişlər. Polis əməkdaşları araşdırmaya başlamış, həkimlər piyadaların bədənlərini müayinə edib ilkin tibbi yardım göstərib Bakı Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. X6 ilə barışdığından həmin iş üzrə icraata xitam verilmişdir. Lakin, X11 ilə barışıq əldə edə bilmir. Buna səbəb isə X2 ondan yuxarı məbləğdə pul, yəni 16000 manat tələb etməsidir. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, 28.03.2021-ci il tarixdə, təxminən saat 18:45 radələrində X9 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektinin sol tərəf piyada səkisi ilə N.B.Yusifbəyli küçəsi istiqamətinə hərəkət etmişlər. Azadlıq prospekti ilə N.B.Yusifbəyli küçəsinin kəsişməsinə çatanda avtomobillərin toqquşma səsini eşitmiş və həmin anda markasını və qeydiyyat qeydiyyat nişanını görə bilmədiyi qara rəngli avtomobilin üzərilərinə tərəf gəldiyini görmüşdür. Həmin avtomobil əvvəlcə G.Almazovanı vurmuş, daha sonra onu vuraraq kənara atmışdır. Nəticədə özü və G.Almazova ciddi xəsarət almışdır. Hadisədən dərhal sonra hadisə yerinə polis əməkdaşları və TTYS-nin həkim briqadaları gəlmişlər. Həkimlər onların bədənlərini müayinə edib Bakı Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər bədənlərini müayinə edib sinə nahiyəsində və bədəninin digər yerlərində xəsarətlər olduqlarını bildirib, ilkin tibbi yardım göstərib müalicə olunması üçün onu palataya yerləşdirmişlər. Eyni zamanda G.Almazovanın çanaq sümüyündə sınıq xəsarəti olduğuna görə ona da ilkin tibbi yardım göstərdikdən sonra müalicə olunmasından ötrü palataya yerləşdirmişlər. Şəxs 16000 manat tələb etsə də, qarşı tərəf onunla razılaşmamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Elşad Cəfərov tərəfindən tərtib edilmiş HK-1-N-251 nömrəli, 28.03.2021-ci il tarixli raportdan görünür ki, 28.03.2021ci il tarixdə, saat 18:56-da vətəndaş X7 DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, “BMW” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Solitonun” binasına dəyməsi nəticəsində xəsarət almışdır; Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Elşad Cəfərov tərəfindən tərtib edilmiş MK-2-N-2812 nömrəli, 28.03.2021-ci il tarixli raportdan görünür ki, 28.03.2021-ci il tarixdə, saat 20:30-da 3 saylı Sabunçu xəstəxanasından həkim Zərbəliyev məlumat vermişdir ki, YNH-si zamanı 1969-cu il təvəllüdlü X11 və 1953-cü il təvəllüdlü X6 xəsarətlər almışdırlar; 2/3840 nömrəli, 28 mart 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA PRİDE” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X8r; 05 noyabr 2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X13 mülkiyyətində olan “KİA PRİDE” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri 03 noyabr 2021-ci il tarixədək Şəxs etibar etmişdir; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 183571 nömrəli, 01.09.2016-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 05 aprel 2021-ci il tarixli, 191 nömrəli rəyindən görünür ki, vətəndaş X2 bədən səthində aşkar edilmiş xəsarət: sağ qoltuqaltı nahiyəsinin geniş cırılmış yarası (əməliyyatdan sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 28.03.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir; “Material üzrə cinayət təqibinə xitam verilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1133/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1133/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver