Məhkəmə qərarları › İş №3(005)-1141/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1141/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1141/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ barəsində İXM-in 266.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 03 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 1141/2023 saylı qərarına əsasən “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ-nin İXM-in 266.2-ci maddəsi ilə nəzərdə tuutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 10.000 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1238/2023 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə tənbeh tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 3(005)- 1141/2023 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Sağlamlıq Mərkəzində əmələ gələn tibbi tullantıların emalı yerlərinin müəyyən edilməməsi, tibbi tullantıların idarə olunmaması, qanuna müvafiq aparılmaması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə əsasında İdarənin əməkdaşları tərəfindən ünvan 1 ünvanında (Bakı Sağlamlıq Mərkəzinin arxa tərəfində) küçənin kənarında konteynerlərə baxış keçirilmişdir. Baxış zamanı «Bakı Sağlamlıq Mərkəzi» X6 fəaliyyəti zamanı "xxxx" tullantılarının MMC-nin ərazisindən kənarında ümumi istifadə üçün nəzərdə tutulmuş konteynerlərə qoyulduğu aşkar edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, xəta üzrə araşdırma vətəndaşlardan daxil olmuş məlumatlar əsasında aparılmış, həmçinin, Mənzil Kommunal Birliyinin əməkdaşı da izahatında göstərmişdir ki, dəfələrlə müraciət olunmasına baxmayaraq həmin tullantılar aradan qaldırılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, yoxlayıcı orqan tərəfindən müəssisənin ərazisində tibbi tullantılara baxış keçirilməsinə baxmayaraq qanunda göstərilən tələblər icra edilməmiş və müəssisədə yoxlama aparılmasına dair öncədən məlumat verilməmişdir. Yoxlayıcı orqan tərəfindən konteynerlərə baxış aktı tərtib edilməmiş, hal şahidləri dəvət edilməmiş və onlara imza çəkdirilməmişdir. Şəkillərə baxış zamanı bu şəkillərin harda çəkilməsi, tibbi sərf mallarının hansı sinif konteynerlərdə və yaxud digər qablaşmada aşkar olunması, həmin sərf mallarının vətəndaşlar üçün və yaxud tibb müəssisəsinə aid konteynerlərdə aşkar olunmasına dair məlumatları müəyyən etmək mümkün deyildir. Bundan başqa X6 nümayəndəsi X3 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, tibbi tullantıların toplanması üçün konteynerlər adətən Mərkəzin yerləşdiyi binanın aşağı mərtəbəsində (qaraj hissədə) saxlanılır. Son günlərdə həmin ərazidə yanğın hadisəsi baş verdiyindən həmin konteynerlər götürülərək həmin ərazidə ümumi istifadə üçün nəzərdə tutulmuş konteynerlərin yanında yerləşdirilmişdir. Həmin müddət ərzində isə onlar “A” kateqoriyalı tullantıları öz konteynerlərinə atmışlar. Onlar konteynerlərin üzərinə “A” işarəsi yazdıqları üçün həmin tullantıları digər konteynerlərə atmamışlar. Göstərilənlərin nəzərə alınmasını, «Bakı Sağlamlıq Mərkəzi» X9 barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ tərəfindən İXM-in 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli 79057 saylı aktdan görünür ki, baxış zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə əsasında İdarənin əməkdaşları tərəfindən ünvan 1 ünvanında (Bakı Sağlamlıq Mərkəzinin arxa tərəfində) küçənin kənarında konteynerlərə baxış keçirilmişdir. Baxış zamanı «Bakı Sağlamlıq Mərkəzi» X6 fəaliyyəti zamanı "xxxx" tullantılarının MMC-nin ərazisindən kənarında ümumi istifadə üçün nəzərdə tutulmuş konteynerlərə qoyulduğu aşkar edilmişdir. Həmin akt idarənin əməkdaşları tərəfindən imzalanmış, PHŞ-in nümayəndəsi tərəfindən isə akt ilə razı olmamasına dair qeyd yazılmışdır. - İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-in yerləşdiyi binanın qarşı tərəfində olan konteynerlərdə tibbi tullantıların olması əks olunmuşdur. - 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə X4 tərəfindən ünvanlanmış izahatdan görünür ki, Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında vətəndaşların ümumi istifadəsi üçün qoyulmuş konteynerlərə tibbi tullantıların (qanlı şpris, dərman qalıqları və s.) atılması və infeksiya mənbəyi olması ilə əlaqdar Nazirliyin qaynar xəttinə etdiyi müraciət onun iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı konteynerlərin qoyulduğu (M.Sənani 45/55) yerdə – Bakı Sağlamlıq Mərkəzinin arxa hissəsində baxış zamanı həmin konteynerlərə atılmış tibbi tullantılar aşkar etmişlər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair” Tələblərin 2-ci hissəsinə (Tibbi tullantıların təsnifatı) əsasən müalicə-profilaktika müəssisələrindən (bundan sonra – MPM) aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür: A sinfi - MPM-in təhlükəsiz tullantıları; B sinfi MPM-in təhlükəli tullantıları; C sinfi - MPM-in xüsusi təhlükəli tullantıları; D sinfi - MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantıları. Həmin Tələblərin 3.1-ci bəndinə əsasən MPM ərazilərində tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkili aşağıdakı hissələrdən ibarət olmalıdır: - tibb bölmələrinin daxilində tullantıların toplanması; - tullantıların daşınması və müəssisədaxili konteynerlərə yüklənməsi; - tullantıların MPM-in ərazisində müvəqqəti saxlanması; - konteynerlərin tullantıların zərərsizləşdirilmə yerlərinə daşınması. Yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanan məhkəmə qeyd edir ki, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, «Bakı Sağlamlıq Mərkəzi» PHŞ tərəfindən İXMnin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmənin mövqeyinə görə hazırki iş üzrə inzibati xəta haqqında protokoldan, eləcə də səlahiyyətli orqan tərəfindən təqdim edilmiş digər sübutlardan əlavə, barəsində icraat aparılan hüquqi şəxsin öz izahatından aydın olur ki, «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-in tullantı konteynerlərinin yerləşdiyi bölmədə yanğın olduğundan həmin konteynerlərin yerləri dəyişdirilərək vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilmiş və tibb müəssisəsinin “A” kateqoriyalı tullantıları həmin konteynerlərə atılmışdır. Göründüyü kimi, tibb müəssisəsinə (MPM) məxsus olan tullantı konteynerlərinin tibbi müəssisəsinin ərazisindən kənarda yerləşdirilməsi və müəssisənin “A” kateqoriyalı tullantılarının həmin konteynerlərə atılması faktı hazırda işin mübahisəsiz halıdır və PHŞin əməlində inzibati xəta tərkibinin mövcudluğu qənaətinə gəlmək üçün kifayət edir. Məhkəmə, iş üzrə tərəflərin diqqətini cəlb edərək bildirir ki, həmin Tələblərin 3.1-ci bəndi hazırki iş üzrə həlledici əhəmiyyət kəsb edir. Həmin bənddə təsnifatına fərq qoyulmadan müalicə-profilaktika müəssisələrinin bütün tullantıları üçün tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkilinin ümumi qaydaları müəyyən edilir. İndiki halda, təsnifatından asılı olmayaraq MPM-in tullantılarının müəssisənin ərazisindən kənarda toplanması, konteynerlərə yüklənməsi və müvəqqəti saxlanılması həmin Tələblərin pozulmasına dəlalət edir. Bundan başqa, məhkəmə PHŞ-in nümayəndəsi tərəfindən məhkəmə iclasında qeyd edilmiş xüsuatlara münasibət bildirərək qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vətəndaş müraciəti əsasında 31 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə konteynerlərə baxış keçirmiş, müvafiq Akt tərtib edərək «Bakı Sağlamlıq Mərkəzi» PHŞ barəsində protokol tərtib etmişdir. Keçirilən baxış PHŞ-in fəaliyyət göstərdiyi ərazi olmadığı üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı yoxlamalara daxil olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ tərəfindən İXM-in 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “BAKİ SAĞLAMLİQ MƏRKƏZİ” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10.000 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar