Məhkəmə qərarları › İş №3(005)-1142/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1142/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1142/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə 00100-0639/22 nömrəli, 31 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********6325 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük prosedura altında rəsmiləşdirilmiş 11 ədəd “Turan Makina” və “Macru” markalı plastik boru qaynaq aparatları və 1 ədəd “Komatsu 270” markalı ekskavator çalovu yüklərinin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq həmin malların geriyə qaytarılması və ya digər gömrük prosedura altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülmədiyi aşkar edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən, Şəxs MMC **********6325 saylı gömrük bəyannamələri ilə “müvəqqəti ixrac xüsusi gömrük prosedurunda” ixrac ounmuş mallara müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, şirkət malları geri qaytarmamış və ya digər gömrük proseduruna keçirilməsini təmin etməyib. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru olan X2 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən müvəqqəti ixrac gömrük proseduranda rəsmiləşdirilərək Gürcüstana göndərilmiş 11 ədəd “Turan Makina” və “Macru” markalı plastik boru qaynaq aparatları və 1 ədəd “Komatsu 270” markalı ekskavator çalovu yüklərinin “EKSPRESS XİM SERVİS LLC-nin” Gürcüstan filialına göndərildiyini, həmin yüklər orada tikintidə müqavilə üzrə istifadə olunduğunu, qeyd olunan yüklərin **********6325 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduranda rəsmiləşdirilərək Gürcüstana göndərildiyini, hal-hazırda sözügedən malların Gürcüstanın Samqori şəhərində suvarma xətlərinin çəkilişində istifadə olunduğunu, işlərin davam etməsi ilə əlaqədar qeyd olunan malları xx.xx.2022-ci il tarixədək geriyə qaytara bilmədiklərini, həmçinin, müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı gömrük orqanına müddət başa çatanadək müraciət etməyi unutduqlarını, nəticədə, müddət başa çatdıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə **********6325 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduranda rəsmiləşdirilərək Gürcüstana göndərilmiş malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı müraciət etdiklərini, işlər yekunlaşdıqdan sonra aparılmış malların Azərbaycan Respublikasına geriyə qaytarılacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən, on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti İxrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC **********6325 saylı gömrük bəyannamələri ilə “müvəqqəti ixrac xüsusi gömrük prosedurunda” ixrac ounmuş mallara müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, şirkət malları geri qaytarmamış və ya digər gömrük proseduruna keçirilməsini təmin etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMCyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar