Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1146/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X2, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Astara rayonu, Kijəvə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Lovayın kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 13 aprel 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs 12.04.2022-ci il saat 16:30-da Mayakovski küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 13 aprel 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 13 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12.04.2022-ci il saat 16:30-da Mayakovski küçəsində uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydaları pozmuşdur. Barəsində inzibati icraat aparılan Şəxs eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 13 aprel 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, sərxoş olduğunu ona borclu olan şəxslə mübahisə etmişdir. Səs-küyə polis əməkdaşları yaxınlaşmış lakin, sərxoş olduğundan özünü idarə edə bilməmişdir. Əvvəllər məhkum olunmadığını və bir daha belə əməl törətməyəcini bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Mühafizə İdarəsinin polis nəfəri X4 izahat verərək göstərmişdir ki, 2 nəfərin bir-biri ilə mübahisə etməsini müşahidə edərək onlara yaxınlaşmışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmiş və qanuni tələblərə tabe olaraq mübahisəni bitirməyi bildirmişlər. Lakin şəxs sərxoş olduğundan əməllərinə davam etmiş və qanuni tələblərinə riayət etməmişlər. Adı qeyd edilən şəxs əvvəllər analoji hadisələr törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nərimanov rayon Mühafizə İdarəsinin polis nəfəri X7 digər şahid X1 ifadəsinə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X8 çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 12 aprel 2022-ci il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi Bayram Əliyevə ünvanlanmış 12.04.2022-ci il tarixli raportdan görünür ki, “12 aprel 2022-ci il saat 16:30 radələrində xidməti ərazidə xidmətdə olduğumuz zaman Mayakovski və Orucəliyev küçəsi kəsişməsində 2 nəfər şəxsin mübahisə edərək küçə söyüşləri ilə küçə ortasında cəmiyyəti öz tərəflərinə yönəltmişdirlər və onlara yaxınlaşıb müdaxilə etmək istəsəkdə polisə müqavimət göstərərək xidməti formalarına əl ataraq cəmiyyət içində polisin nüfuzuna xələl gətirməyə çalışsalar da, hər iki nəfər şəxsi ərazi üzrə 18-ci PŞ-nə təhvil vermişlər. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən saat 21:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1146/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1146/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver