Məhkəmə qərarları › İş №3(005)-1156/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1156/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1156/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs vəkili 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şahid ilə Şəxs MMC arasında bağlanmış xidməti müqavilənin 7.2-ci maddəsinin Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimləndiyi, həmçinin Şahid istifadəsi üçün avtomobilin Şəxs MMC tərəfindən verildiyi, bununlada Əmək Məcəlləsinin 7.3-3.4 və 7.2-3.6 maddələrinin tələblərinin pozulduğu, Şahid xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sürücü işləməsində, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında protokolu müdafiə edərək qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxsnın vəkili Vəkil protokola yazılı etiraz verərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC- nin direktorunun adına 01 aprel 2025-ci il tarixli bildiriş göndərilərək inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə xx.xx.2025-ci il tarixdə saat 14:30-da iştirak etməyə dəvət olunmuşdur. 01 aprel 2025-ci il tarixli bildiriş X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən yalnız xx.xx.2025-ciiİ tarixdə poçta verilmiş və poçt şöbəsi tərəfindən həmin bildiriş xx.xx.2025-ci il tarixdə günün sonunda Şəxs MMC-nə təqdim edilmişdir.(bildirişin və göndərilmiş poçt zərfinin surəti əlavə edilir.) Məhkəmədə inzibati xəta haqqında olan işdən, Şəxs MMC barəsində olan MN № ******* nömrəli Protokoldan, eyni zamanda bu barədə bildirişlərin protokol tərtib edilməsindən 2 gün sonra Şəxs MMC-nə çatdırılmasından görünür ki, 07 aprel 2025ci il tarixli İnzibati Xəta haqqında Protokol ŞəxsMMC-nin direktorunun və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və nəticədə birtərəfli qaydada qanunsuz və əsassız Protokol tərtib edilərək guya ŞəxsMMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmədən mobil telefona gələn smsdən onlara məlum olmuşdur ki, Şəxs MMC barədə inzibati xəta haqqında iş vardır. Etirazın əsasları: Protokola baxilması barədə bildirişin protokola baxılmasından 2 gün sonra ŞəxsMMC-nə çatdırıldığı və protokol üzrə inzibati xəta haqqında işə ŞəxsMMC-nin iştirakı təmin olunmadan baxıldığı üçün həmin protokolu qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Protokola baxilması barədə bildirişin protokola baxılmasından 2 gün sonra çatdırıldığı və protokol üzrə inzibati xəta haqqında işə ŞəxsMMC-nin iştirakı təmin olunmadan baxıldığı üçün həmin protokolu qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Eyni zamanda həmin protokolla bağlı bildirir ki, Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-məsuliyyət nəzərdə tutulmuşdur. ŞəxsMMC tərəfindən İXM-nin 192.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Belə ki, vətəndaş Şahid müraciəti əsasında Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Şahid ilə ŞəxsMMC arasında bağlanmış xidməti müqavilə adlı mülki hüquqi müqavilədən görünür ki, bu müqavilə işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmamışdır. Bu müqavilə zibillərin, tullantıların daşınması ilə bağlı olmuş və müvəqqəti xarakter daşımış, bununla bağlı vətəndaşa gördüyü işə görə ona pul ödənilmiş və vergi hesablanıb ödənilmişdir.(ödəmə mənbəyindən tutulan vergi bəyannaməsinin surəti əlavə edilir.) İşəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin(xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayn-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4- cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki- hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki- hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də məhkəmədən ŞəxsMMC barəsində tərtib edilmiş 07 aprel 2025-ci il tarixli İnzibati Xəta haqqında MN ******* saylı Protokolun qanunsuz və əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki Şəxsnın əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şahid ilə Şəxs MMC arasında bağlanmış xidməti müqavilənin 7.2-ci maddəsinin Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimləndiyi, həmçinin Şahid istifadəsi üçün avtomobilin Şəxs MMC tərəfindən verildiyi, bununlada Əmək Məcəlləsinin 7.3-3.4 və 7.2-3.6 maddələrinin tələblərinin pozulduğu, Şahid xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sürücü işləməsində, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İşdə olan 29 yanvar 2025-ci il tarixli fiziki şəxs Şahid ilə sifarişçi Şəxs MMC arasında bağlanmış xidməti müqavilənin surətindən görünür ki,1.1 bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində fiziki şəxs- sürücü Şahid iş olduğu zaman sifarişçinin dəvəti ilə (xidmətlər, işlər) görməyi öhdəsinə götürmüş, sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 06 fevral 2025-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda fiziki şəxs Şahid ilə sifarişçi Şəxs MMC arasında tam maddi məsuliyyət barədə 29 yanvar 2025-ci il tarixli müqavilə bağlanmışdır. Şəxs MMC hesab etmişdir ki, avtomobillə daşınma xidmətlərini göstərmək üçün digər şəxslərlə müqavilə bağlamaq hüququ olmuş, mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı hüququndan istifadə etməklə əməkdaşlıq etmək istədikləri fiziki şəxs Şahid xidməti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında xidmət göstərilmiş və razılaşdırılmış xidmət haqqı və digər ödənişlər edilmişdir ki, belə olan halda əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olması istisna olunmalıdır. İşin hallarından görünür ki, 29 yanvar 2025-ci il tarixli fiziki şəxs Şahid ilə sifarişçi Şəxs MMC arasında xidməti müqavilə bağlanmış, müvaqilənin 1.1 bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində fiziki şəxs- sürücü Şahid iş olduğu zaman sifarişçinin dəvəti ilə (xidmətlər, işlər) görməyi öhdəsinə götürmüş, sifarişçi isə icraçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 06 fevral 2025-ci il tarixədək qüvvədə olmuşdur. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu (Azad sahibkarlıq hüququ) maddəsinin İ hissəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (Əmək hüququ) maddəsinin İV hissəsinə əsasən – əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42-ci (Əmək müqaviləsinin tərəfləri) maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 6-cı (Bu Məcəllənin şamil edilmədiyi şəxslər) maddəsinin “d” bəndinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Mülki Məcəlləsinin 5.1-ci maddəsində istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxsin mülki hüquq münasibətlərinin subyektləri ola bilmələri təsbit edilmişdir. Mülki Məcəllənin 6-cı (Mülki qanunvericiliyin prinsipləri) maddəsinə əsasən 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası, Əmək Məcəlləsi əmək müqavilələrinin sərbəst bağlanmasını, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsini, Mülki Məcəllə isə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilməsini təsbit etmiş, lakin, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-4-cü hissəsi tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək müqaviləsinin bağlanmasını imperativ nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olubolmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X1 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülkihüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İXM-nin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülki-hüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Bunu əsaslandırarkən işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlərin əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilməsi göstərilmişdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlərin də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola biləcəyini vurğulamış, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməsini təsbit etmişdir. Məhkəmə, tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək münasibətlərin əmək deyil, mülki mülki-hüquqi məzmunlu olduğunu qəbul edir. Əvvəla, məhkəmə Şəxs MMC ilə Şahid arasında hər hansı əmək münasibətlərinin olmadığına dair geniş əsaslandırma aparmağa zərurət görmür. Çünki, işin mübahisəsiz halıdır ki, Şahid ilə Şəxs MMC arasında xidmətlərin göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən məhz Şahid iş olduğu zaman sifarişçinin dəvəti ilə (xidmətlər, işlər) görməyi öhdəsinə götürmüşdür. Məhkəmə, həmçinin, Şəxs MMC ilə Şahid arasında münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu olması ilə razılaşır və qənaətini aşağıdakılarla əsaslandırır. a) İlkin olaraq, Şahid MMC-in intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləşdirilmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi müəyyən edilmir. b) MMC və Şahid müqavilə üzrə yerinə yetiriləcək xidmət qarşılığında aylıq sabit əmək haqqı müəyyən etməmişdir.(iş olduğu zaman muzd ödəmək öhdəyə götürülmüşdür.) c) Şahid və MMC arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyəti olmamışdır. d) Şahid hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxsdir. Münasibətlər faktiki cəhətdən bərabər olan subyektlər arasında yaranan münasibətlərdir. e) Şahid münasibətdə iş vaxtı, istirahət vaxtı, məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar olmamışdır. f) Şahid münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı relimi olmamışdır. g) Şahid əmək funksiyası olmamış, tərəflər arasında bağlanılmış müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirmişdir. Bunlardan əlavə, tərəflər arasında münasibətlərin görüntü deyil, real olması təqdim edilmiş sənədlərlə də müəyyən edilir. xx.xx.2025-ci il tarixli köməkçi cədvələ əsasən Şəxs MMC tərəfindən Şahid xx.xx.2025-ciil tarixli müqavilə əsasında ** KP *** d.n.n. avtomaşınla etdiyi reyslərə və daşıdığı mal-materiala görə 144 manat haqq ödənilmişdir. Belə olan halda, məhkəmə, münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu olmasını müəyyən edir və bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Şahid əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar