Məhkəmə qərarları › İş №3(005)-1160/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1160/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1160/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X10 nümayəndəsi (vəkili) “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X11 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 fevral 2025-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Əmək Müfəttişliyi hesab etmişdir ki, X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam veriləndə, həmin Məcəllənin 83.4-cü maddəsinin tələbləri pozularaq, son haqq-hesab ödənilməmişdir. Hesab edilir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, X9 ilə "X12 inşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş qrafiki olmuş (həftənin beş günü iş saatı 10:00- 18:00, nahar vaxtı 13:00- 14:00, şənbə günü 10:00-16:00) və əməyinin ödənilməsi forması vaxtamuzd olmaqla, 784 manat əmək haqqı ilə şirkətdə tikinti üzrə usta köməkçisi vəzifəsində xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Daha sonra, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdən 15.11,2024-cü il tarixə qədər 6 ay müddətində iş qrafikinə əsasən, işçi işlədiyi dövr ərzində 987 saat əsas və 59 saat əlavə olmaqla, ümumilikdə 1046 saat işləmişdir. Əlavə işlədiyi 59 saata görə işçiyə 429,72 manat əlavə əmək haqqı hesablanaraq işəgötürən tərəfindən ödənilmişdir. Eyni zamanda, işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab olaraq 323,14 manat vəsait şirkət tərəfindən ödənilinmişdir. Bu səbəbdən hesab edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vəzifəli şəxs X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında 17 fevral 2025-ci il tarixli MN ******* saylı qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayət vermiş X10 nümayəndəsi (vəkili) Nümayəndə verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur və barəsində müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşçi Müfəttişliyə şikayət edərək əmək haqqının ödənilmədiyini bildirib və bank çıxarışlarından, hüquqi şəxsin məktubundan da aydın görünür ki, işçiyə son haqq-hesab ödənişləri edilməmişdir. Müvafiq qaydada təsdiqedici sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdən “X12 İnşaat” MMC-də “usta köməkçisi” vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X12 İnşaat” MMC-də işləyən X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 80.3 nömrəli əmrdən görünür ki, işçi X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. X11 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2024-cü il tarixində işdən azad edilmişdir. Hüquqi şəxsin təqdim etdiyi bank çıxarışlarından isə görünür ki, X5 xx.xx.2024-cü il tarixdə 953 manat əmək haqqı ödənişi edilmiş, lakin son haqq-hesab ödənilməmişdir. Bununla da məhkəmə iclasında X5 işdən azad edildikdən sonra son haqq-hesabının vaxtında ödənilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X11 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X11 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar