Məhkəmə qərarları › İş №3(005)-1164/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1164/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1164/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 346.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-dən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9 və 346.1-ci maddələri ilə İXP seriyalı ******* nömrəli, 06.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 06.05.2021-ci il tarixdə saat 10:26 radələrində idarə etdiyi «Hyundai Accent» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 06.05.2021-ci il tarixdə, saat təxminən 10:30 radələrində satmaq niyyətində olduğu “Hyundai Accent” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yolun sağ tərəf hissəsində saxlayıb “Turbo.az” saytına yerləşdirmək üçün şəkillərini çəkirmiş. Bu zaman Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru ona yaxınlaşıb avtomobilin dövlət qeydiyyat nişanlarının üzərini bağladığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. O, dərhal ona etiraz edərək bildirmişdir ki, o, avtomobili idarə etmir və məqsədi avtomobilin şəkillərini çəkib saytda elan verməkdir. Lakin, inspektor onun əsaslı etirazına baxmayaraq barəsində inzibati protokol tərtib etmişdir. Elektron kabinetə baxdıqda müəyyən olunur ki, artıq həmin protokol qərarlı statusdadır. Yəni, artıq inzibati qərar qəbul edilmişdir. O, avtomobilini qeyd olunan yerdə saxladıqdan bir neçə dəqiqə sonra dövlət qeydiyyat nişanlarının üzərini örtüb avtomobilin bir neçə şəkilini çəkdindən sonra yenidən üzərini açaraq avtomobili idarə etmişdir. Yəni, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru nömrənin üzərini örtməkdə məqsədinin hər hansı qanun pozuntusundan yayınmaq olduğunu əsaslandıra bilməmişdir. Belə ki, dövlət qeydiyyat nişanının gizlədilməsində məqsədi hər hansı qanun pozuntusundan yayınmaqdırsa avtomobilin hərəkətdə olması zəruri idi. Digər tərəfdən isə dayanma durma qaydalarının pozulması ilə bağlı inzibati xətadan yayınmaqdan ümumiyyətlə söhbət gedə bilməz. Belə ki, dayanma durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələr quraşdırılmışdır. Məhz avtomobili dayandırdıqdan sonra dövlət qeydiyat nişanının üzərinin örtülməsi həmin texniki vasitələrlə tam qeydiyyata alındığından məqsədinin dayanma durma qaydasının pozulması ilə bağlı hər hansı tənbehdən yayınmağı ağlabatan deyildir. Belə ki, video qeydiyyat zamanı dövlət qeydiyyat nişanının üzəri örtənədək olan müddət ərzində artıq avtomobilin dövlət qeydiyyat nişanı bəlli olur. Əlavə olaraq qeyd etdi ki, avtomobilin şəkilləri çəkildikdən sonra həmin şəkillər www.turbo.az saytına yerləşdirilmişdir (fotoşəkillər qoşmaya əlavə olunub). Bu hal bir daha təsdiq edir ki, məqsədi hər-hansı qayda pozuntusundan yayınmaq deyil, avtomobilini satmaq olmuşdur. Hesab edir ki, bu protokolun və qərarın çıxarılması zamanı maddi və prosessual hüquq normalarının tələbləri pozulduğuna görə qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin əməkdaşı X1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 06.05.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06.05.2021-ci il tarixdə saat 10:26 radələrində idarə etdiyi «Hyundai Accent» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində, dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtüklər aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən «Hyundai Accent» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində, dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtüklərdən istifadə edilmişdir. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar