Məhkəmə qərarları › İş №3(005)-1175/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1175/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1175/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədovun 18 mart 2022-ci il tarixli qərarından və 03 mart 2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.03.2022-ci il tarixdə saat 17:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Nissan Teana” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü M.Araz küçəsi istiqamətində hərəkət edən “Hyundai Elantra” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində azyaşlı uşaq X10 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, 03.03.2022-ci il tarixdə saat 17:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Nissan Teana-minik” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsində həyətyanı sahədən avtomobil yoluna daxil olmaq istəmişdir. Həmin vaxt avtomobil yolunda sıxlıq və tıxac olduğu üçün o, İ.P.Dadaşov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü M.Araz küçəsi istiqamətində hərəkət edən “Hyundai Elantra-minik” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və yola daxil olmuşdur. Bu zaman idarə etdiyi avtomobilin ön hissəsi “Hyundai Elantra-minik” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisədən sonra “Hyundai Elantra-minik” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əyləci sıxaraq avtomobilini sağa doğru çəkmişdir. Bu zaman avtomobillərin arası ilə qaçan az yaşlı uşaq “Hyundai Elantra” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisədən sonra onlar həmin uşağa yaxınlaşmış və onu xəstəxanaya yola salmışlar. Bundan sonra Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməsini xahiş etmişdir. O, da həmin araşdırmada iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 izahatında bildirdi ki, 12.04.2013-cü il təvəllüdlü X10 onun qızıdır. 03.03.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 18:00 radələrində evdə olan zaman ona Elifı avtomobil vurduğunu demişlər. O, da bundan sonra dərhal hadisə baş vermiş yerə getmişdir. Orada olan zaman Elifı tanımadığ şəxsin qucağına aldığını görmüşdür. Bundan sonra onlar birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada müayinə olunduqdan sonra isə Nərimanov RPİdə aparılan araşdırmada iştirak etmişlər. Hazırda onun Şəxs şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK 1N 265 nömrəli, 28.03.2021-ci il tarixli raportdan görünür ki, 03.03.2022-ci il tarixdə, saat 20:00-da tibb-bacısı Niyazova məlumat verərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2013-cü il təvəllüdlü Ələsgərli Elif Famil qızı sağ pəncənin əziyi xəsarəti almışdır. 2/7798 nömrəli, 03 mart 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 302226 nömrəli, 12.03.2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, X6 BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 17 mart 2022-ci il tarixli, 977 nömrəli rəyindən görünür ki, vətəndaş X5 “sağ ayaq pəncənin əzilməsi, hematoması” diaqnozu təyin edilmiş, rentgen müayinə zamanı sümük travmatik dəyişiklik aşkar edilməmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 03.03.2022-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və həmin xəsarətin lokalizasiyası və xarakteri hərəkət-dayaq sistemində nisbi funksiya pozğunluğu yaratdığından dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 mart 2022-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar