Məhkəmə qərarları › İş №3(005)-1176/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1176/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1176/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə İmişli rayonunun Məzrəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə işləməyən, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 20.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.05.2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu, H. Məmmədov küçəsində yerləşən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin QMB-nin inzibati binasında olarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 20.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.05.2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu, H. Məmmədov küçəsində yerləşən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin QMB-nin inzibati binasında polis əməkdaşlarına qarşı ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı və idarənin iş rejimini pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, 19.05.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində polis əməkdaşı Nərimanov RPİ-nin QMB-nin inzibati binasında olan zaman bir nəfər vətəndaş binaya daxil olaraq mobil telefonunun oğurlandığını bildirmiş, polis əməkdaşı cavab olaraq həmin şəxsə inzibati binadan çıxıb bir qədər qabağa getməsini və müraciət etməsi bildirildikdə həmin şəxs nalayiq küçə söyüşləri söyə-söyə binadan çıxmaq istəyəndə söyüşləri kimə söydüyünü soruşmuş və ona tərəf yaxınlaşaraq köynəyinin yaxasından tutaraq onunla əl-qol hərəkətləri ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşı həmin şəxsin spirtli içkinin təsiri altında olduğunu hiss edib Nərimanov RPİ-dən PPX-nin köməyə gəlməsini bildirmişdir. Polis əməkdaşları gəldikdən sonra həmin şəxs köməyə gəlmiş polis nəfərlərinin qanuni tələblərinə məhəl qoymayaraq ətrafdakıların diqqətini özünə cəlb edərək dartınmağa başlamışdır. Daha sonra polis nəfərlərinin köməyi ilə həmin şəxsi 18-ci PŞ-nin NH-nə təhvil vermişlər. Daha sonra onun şəxsiyyəti müəyyənləşdirilərək izahatı alınmış və daha sonra tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 18.05.2021-ci il tarixdə ona məxsus olan mobil telefon oğurlanmışdır. Bununla bağlı olaraq o, polis bölməsinə getmişdir. Həmin zaman spirtli içkinin təsiri altında olmuşdu. Sərxoş vəziyyətdə olduğundan nə etdiyini, nə dediyini xatırlamır. Lakin əməlindən səmimi peşmanlıq çəkir. Himayəsində iki övladı var. Polis əməkdaşlarından üzr istədiyini, bir daha belə qanun pozuntusu törətməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Qeydiyyat məsələləri bölməsinin baş inspektoru polis mayoru X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 19.05.2021-ci il tarixdə xidmətdə olarkən bir vətəndaş idarəyə daxil olub mobil telefonunun oğurlandığını bildirmişdir. O isə həmin vətəndaşa cavab olaraq inzibati binadan çıxıb bir qədər qabağa getməsini və müraciət etməsini bildirmişdir. Bu zaman həmin vətəndaş nalayiq ifadələr işlətməyə, daha sonra onun köynəyinin yaxa hissəsini tutaraq mübahisə etməyə başlamışdır. Bu zaman həmin şəxsin sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Daha sonra onun məlumatı əsasında hadisə yerinə polis nəfərləri gəlmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxsin tutulması haqqında 19 may 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 19.05.2021-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. 20.05.2021-ci il tarixli arayışdan görünür ki, vətəndaş Şəxs 20.05.2021-ci il tarixdə saat 09:30-da Orta dərəcəli sərxoşluq vəziyyətindən ayılmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 19.05.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli 19 may 2021-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 19 may 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar