Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1176/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 15 aprel 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, 15.04.2022-ci il tarixdə saat 09:50-də şöbənin inzibati binasında borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədi üzrə ödənilməli olan məbləğ tələb olunmuş, lakin icra edilməmiş və icra məmurunun qanuni tələblərini icra etməmişdir. 0472566 saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ümumilikdə hər iki kredit müqaviləsi üzrə 143263,44 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Məlum icra sənədi 03.07.2018-ci ildə daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu A.Allahverdov şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlərlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak və nağd pul vəsaiti aşkar edilməlmişdir. Məlum icra vərəqələri üzrə borclu Şəxs yaranmış kredit öhdəliyindən heç bir rəsmi ödəniş etməmiş, hazırki tarixə kredit borxu 143293,44 (yüz qırx üç min iki doxsan üç) manat (qırx dörd) qəpik təşkil edir. Daha sonrakı mərhələdə şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrə şöbəyə gəlməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, icra sənədinin icrasından yayınmır. Sadəcə hazırda maddi vəziyyətinin çətin olması səbəbindən borcunu ödəyə bilmir. Möhlət verilərsə borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X4 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzrlü səbəbdən icra sənədini icra emədiyini bildirərək Şəxs hərəkətlərində qərəzlilik olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, QSC “Bank Standard” KB ilə Şəxs arasında bağlanmış ********** saylı kredit müqaviləsi üzrə 84 570 (səksən dörd min beş yüz yetmiş) manat məbləğində əsas borc, 30149,20 (otuz min yüz qırx doqquz manat iyirmi qəpik) manat məbləğində cərimə borcu, 16 379.50 (on altı min üç yüz yetmiş doqquz, 50 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, 100/00/2271/10 saylı kredit müqaviləsi üzrə 82.10 (səksən iki manat on qəpik) manat məbləğində əsas borc, 12 068,70 (on iki min altmış səkkiz manat, yetmiş qəpik) manat məbləğində faiz borcu, 13.94 (on üç manat, doxsan dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə hər iki kredit müqaviləsi üzrə 143 263.44 (yüz qırx üç min iki yüz altmış iki manat, qırx dörd qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu LPO QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 03.07.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və eyni tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 01.10.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət edilmiş, həmin xəbərdarlığın surəti Şəxs tərəfindən imzalamaqla qəbul edilmişdir. 22.08.2018-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 29, 61 ünvanına gəlmişlər, lakin borclu Şəxs həmin ünvanda tapmaq mümkün olmamışdır. “Borclunun axtarılması haqqında” 01.10.2018-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 04.04.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1735/2018 saylı, 21.05.2018-ci il tarixli icra sənədinin icra edilməməsinin nəticələri barədə xəbədar edilmiş və həmin xəbərdarlığın surəti borclu tərəfindən imzalamaqla qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq icra etmədiyini, barəsində axtarış elan olunmasını, icra sənədi üzrə borclu olduğu 143293,44 manat məbləğdən hər-hansı bir ödəniş etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 aprel 2022-ci il tarixdən saat 13:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1176/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1176/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver