Məhkəmə qərarları › İş №3(005)-1183/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1183/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1183/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi X8 və nümayəndələri X6 və X4 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi X8 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi X11, şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra-Agentlik) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (bundan sonra - Mərkəz) rəisi X11 barəsində tərtib etdiyi 02 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X11 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. 02 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar 08 aprel 2024-cü il tarixində Agentliyə daxil olmuşdur. Məlumat üçün bildirirlər ki, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq idarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Mərkəz yaradılmış və Agentliyin tabeliyinə verilmişdir. Qeyd olunanlara əsasən 02 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məqsədəuyğundur. 02 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, X1 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri iş günü hesab edilməyən bayram günü qabağı iş günü olmasına baxmayaraq qısaldılmanın edilmədiyi və 2023-cü il iyun ayı üzrə əlavə əmək haqqının hesablanıb ödənilmədiyi, nəticədə AR Əmək Məcəlləsinin 108-ci və 165-ci maddələrinin tələblərinin pozulduğu məlum olmuşdur. X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Agentliyə ünvanlanmış məktub ilə X1 aid olan sənədlərin surətlərinin təqdim edilməsi xahiş olunmuşdur. X10 Xidmətinin Bakı Şəhər İdarəsinə X1 aid olan sənədlərin surətləri təqdim edilərkən Mərkəz tərəfindən düzgün tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid iş vaxtından istifadənin uçotu cədvəlini göndərməkdənsə, yanlışlıqla Mərkəzin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsi tərəfindən texniki səhvlə tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid tabel göndərilmişdir. Belə ki, Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən texniki səhvlə tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid tabeldə X1 aid hissədə sözügedən tarixlər üzrə “8” rəqəmi qeyd olunmuşdur. Mərkəz tərəfindən düzgün tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid iş vaxtından istifadənin uçotu cədvəlində isə X1 aid hissədə sözügedən tarixlər üzrə “7” rəqəmi qeyd olunmuşdur. Sözügedən məsələ ilə bağlı X10 Xidmətinin Bakı Şəhər İdarəsinin əməkdaşı ilə işçi qaydada danışıqlar aparılmış və bildirilmişdir ki, X1 aid olan sənədlərin surətləri təqdim edilərkən Mərkəz tərəfindən düzgün tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid iş vaxtından istifadənin uçotu cədvəlini göndərməkdənsə, yanlışlıqla Mərkəzin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən texniki səhvlə tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid tabel göndərilmişdir. Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi Mərkəzin strukturuna daxildir və Mərkəz Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə münasibətdə baş idarə hesab edilir və hesablamalar məhz baş idarənin (Mərkəzin) sənədləri əsasında aparılmışdır. Göründüyü kimi, heç bir pozuntuya yol verilməmişdir. Anlaşılmazlığın aradan qaldırılması məqsədilə Mərkəz tərəfindən düzgün tərtib edilmiş 2023-cü ilin mart, aprel, may və iyun aylarına aid iş vaxtından istifadənin uçotu cədvəlinin X10 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsinin və onun əsas götürülməsinin xahiş olunmasına baxmayaraq, X10 Xidmətinin Bakı Şəhər İdarəsi buna məhəl qoymamışdır. Qeyd olunanların nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi X11 barəsində tərtib etdiyi 02 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi X11 və nümayəndələri X9 və X7 hər biri ayrı-ayrılıqda şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və nümayəndələrin izahatlarını, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 02 aprel 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 barəsində xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri iş günü hesab edilməyən bayram günü qabağı iş günü olmasına baxmayaraq qısaldılma tətbiq edilməmiş və 2023-cü il iyun ayı üzrə əlavə əmək haqqının hesablanıb ödənilməmişdir. X3 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş Tabellərin surətindən görünür ki, müvafiq olaraq 2023-cü ilin mart, aprel, may və iyun ayları üzrə X1 aid hissədə işlənmiş saatlar “8” rəqəmi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən tərtib olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi üzrə “İş vaxtından istifadənin uçotu cədvəli”nin surətindən görünür ki, müvafiq olaraq 2023-cü ilin mart, aprel, may və iyun ayları üzrə X1 aid hissədə işlənmiş saatlar “7” rəqəmi qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X8 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş Tabellərdə müvafiq olaraq 2023-cü ilin mart, aprel, may və iyun ayları üzrə X1 aid hissədə işlənmiş saatlar “8” rəqəmi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən tərtib olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi üzrə “İş vaxtından istifadənin uçotu cədvəli”ndə isə müvafiq olaraq 2023-cü ilin mart, aprel, may və iyun ayları üzrə X1 aid hissədə işlənmiş saatlar “7” rəqəmi qeyd olunmuşdur. Bu isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X11 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X11 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X11 Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar